
Tarix boyu müxtəlif sınaqlarla üzləşmiş Azərbaycan xalqı ən ağır və faciəli səhifələrindən birini 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hadisələrdə yaşamışdır. Bu gün xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi qırğınların, etnik təmizləmə siyasətinin və insanlığa qarşı törədilmiş cinayətlərin acı xatirəsini özündə əks etdirir.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Lənkəran, Zəngəzur və digər ərazilərdə azərbaycanlılara qarşı genişmiqyaslı qətliamlar törədilmişdir. Bu qanlı hadisələr zamanı minlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, mədəni və dini abidələr dağıdılmışdır. Təkcə Şamaxıda onlarla kənd məhv edilmiş, Qubada isə kütləvi məzarlıqlar aşkar olunaraq bu faciənin miqyası bir daha sübut edilmişdir. Üç gün ərzində törədilmiş soyqırımı nəticəsində 12000-dək azərbaycanlı qətlə yetirilmişdir.
Tarixi mənbələr və araşdırmalar göstərir ki, bu hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və sistemli şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi idi. Məqsəd azərbaycanlıları öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, onların milli kimliyini məhv etmək və regionda demoqrafik vəziyyəti dəyişmək idi. Bu baxımdan 31 Mart hadisələri təkcə bir faciə deyil, həm də xalqımıza qarşı yönəlmiş məqsədli və düşünülmüş bir soyqırımı aktıdır.
Uzun illər ərzində bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməmiş, həqiqətlər beynəlxalq ictimaiyyətə tam şəkildə çatdırılmamışdır. Yalnız müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün Azərbaycan dövləti və xalqı həmin qanlı hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad edir, onların faciəsinin unudulmaması üçün mühüm addımlar atır.
Prezident İlham Əliyev də bu faciənin beynəlxalq səviyyədə tanıdılması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Cənab Prezidentimizin tapşırığı ilə tikilən və 2013-cü ilin sentyabrında dövlət başçımızın iştirakı ilə açılışı olan Quba Soyqırımı Memorial Kompleksi kimi abidələr bu tariximizin canlı şahidi kimi gələcək nəsillərə həqiqətləri çatdırmaqda mühüm rol oynayır. Eyni zamanda, beynəlxalq səviyyədə aparılan məlumatlandırma və təbliğat işləri sayəsində dünya ictimaiyyətinə bu faciə haqqında daha dolğun məlumatlar təqdim olunur.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü təkcə keçmişin acı xatirəsi deyil, həm də gələcək üçün bir dərsdir. Bu faciə xalqımızın yaddaşında dərin iz buraxmış, milli həmrəyliyin və birliyin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Azərbaycan xalqı heç vaxt bu qanlı hadisələri unutmur və unutdurmayacaq. Tarixi həqiqətlərin dünyaya çatdırılması, ədalətin bərqərar olunması isə hər bir azərbaycanlının mənəvi borcudur.
Xalqımıza qarşı törədilmiş bu qanlı faciənin dərindən öyrənilməsi, gələcək nəsillərə düzgün şəkildə çatdırılması və beynəlxalq aləmdə tanıdılması mühüm əhəmiyyət kəsb edir. Bu, həm tarixi ədalətin bərpası, həm də oxşar faciələrin bir daha təkrarlanmaması üçün vacibdir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



