AnalitikaGündəmSiyasət

Xocalı Soyqırımı Memorialı və Tarixi ədalətin bərpasının rəmzi!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində etdiyi çıxış təkcə bir anım nitqi deyil, bütövlükdə müasir Azərbaycan dövlətinin siyasi iradəsinin, tarixi ədalətə sadiqliyinin və milli qürurunun manifesti kimi qiymətləndirilməlidir. Bu çıxış həm tarixi yaddaşın bərpası, həm də postmünaqişə dövründə dövlət siyasətinin əsas istiqamətlərinin bəyanı baxımından mühüm əhəmiyyət daşıyır.Cənab Prezident çıxışında vurğulamışdır ki, iki il əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli onun iştirakı ilə qoyulmuşdur və bu gün həmin kompleksin açılışı həyata keçirilir. Bu məqam simvolik olmaqla yanaşı, dərin siyasi məna daşıyır. Çünki Xocalı yalnız bir şəhərin adı deyil bu, Azərbaycan xalqının qan yaddaşı, ədalət çağırışı və beynəlxalq hüququn pozulmasının ən faciəvi nümunələrindən biridir.

1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı aktı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin uzun illər ərzində Azərbaycan xalqı yalnız ədalətin bərpasını gözləmiş, diplomatik və hüquqi mübarizəni davam etdirmişdir. Memorialın təməlinin qoyulması və bu gün açılışının edilməsi isə artıq gözləmə mərhələsinin bitdiyini, qalib dövlətin öz tarixi həqiqətlərini öz torpağında əbədiləşdirdiyini göstərir.
Bu hadisə, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin mənəvi sütunlarından biridir. Xocalı artıq yalnız faciənin deyil, dirçəlişin və ədalətin şəhəridir.
Cənab Prezident İlham Əliyev çıxışında xüsusi vurğulamışdır ki, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü hər qarış torpağı azad edərək özü təmin etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın.
Bu fikir müasir beynəlxalq münasibətlər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu müharibə işğala qarşı aparılan, BMT qətnamələrinə əsaslanan ədalətli müharibə idi.
Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməmiş, həm də hüquqi-siyasi müstəvidə məsuliyyət mexanizmini işə salmışdır. Müharibə cinayətlərində ittiham olunan şəxslərin istintaqa cəlb olunması və məhkəmə qarşısına çıxarılması dövlətin hüquqi sisteminin işləkliyini və siyasi iradənin qətiyyətini nümayiş etdirir.
Bu, beynəlxalq praktikada nadir rast gəlinən modeldi. Qalib dövlət həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə ədaləti təmin edir. Azərbaycan modeli postmünaqişə mərhələsində suverenliyin real məzmununu ortaya qoyur.
Xocalı Soyqırımı Memorial Kompleksi təkcə memarlıq abidəsi deyil. Bu kompleks Azərbaycan xalqının əyilməz ruhunun, milli birliyinin və mübarizə əzminin daşlaşmış rəmzidir. Prezidentin ifadə etdiyi kimi, bu kompleksin timsalında biz xalqımızın sınmaz iradəsini görürük.
Uzun illər ərzində məcburi köçkün həyatı yaşayan Xocalı sakinlərinin doğma torpaqlarına qayıtması, şəhərin yenidən qurulması və soyqırımı qurbanlarının xatirəsinin məhz həmin torpaqda əbədiləşdirilməsi tarixi ədalətin bərpasıdır. Bu, həm də gələcək nəsillərə ünvanlanan mesajdır: Azərbaycan xalqı heç vaxt öz tarixini unutmayacaq və heç vaxt əyilməyəcək.
Memorial Kompleks milli yaddaş institutuna çevrilərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq. Burada təkcə hüzn deyil, həm də qürur var, çünki bu gün Xocalı azaddır, Azərbaycan suverendir və dövlət öz vətəndaşlarının haqqını təmin etmək gücündədir.
Cənab Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Xocalı mövzusu artıq yalnız faciə kontekstində deyil, həm də qələbə və dirçəliş kontekstində təqdim olunur. Bu, milli psixologiyada mühüm dönüş nöqtəsidir. Azərbaycan xalqı artıq məğlubiyyət sindromundan uzaqdır, qalib xalq kimi öz tarixini yazır və gələcəyini qurur.
Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan dövlətinin siyasi iradəsinin, hüquqi gücünün və milli həmrəyliyinin təntənəsidir. Bu hadisə bir daha təsdiqləyir ki, tarixi ədalət gec də olsa bərpa olunur və güclü dövlət üçün mümkünsüz heç nə yoxdur.
Bu gün Xocalıda ucalan Memorial Kompleks təkcə keçmişin xatirəsi deyil o, Azərbaycanın müstəqilliyinin, suverenliyinin və əyilməz ruhunun əbədi rəmzidir.

Nicat İsmayılov,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button