AnalitikaGündəmSiyasət

Bizim gələcək üçün də açıq-aydın planlarımız var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə getmiş, Belqrad şəhərində dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılamış, rəsmi qarşılama mərasimi təşkil olunmuşdur. Səfər proqramına uyğun olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və tanınmış serb yazıçısı Milorad Paviçin xatirəsinə ucaldılmış abidələri ziyarət etmişlər. Daha sonra Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında təkbətək görüş baş tutmuş, hər iki liderin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilmişdir. Eyni zamanda, Belqradda iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan–Serbiya əməkdaşlığına dair sənədlərin mübadiləsi mərasimi təşkil edilmiş, ardından dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış etmişlər.
Serbiya Prezidenti Aleksandar Vuçiç öz bəyanatında Prezident İlham Əliyevi “əziz dostum” kimi təqdim etməklə iki lider arasında formalaşmış şəxsi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafında oynadığı mühüm rolu vurğuladı. O, Azərbaycan Prezidentinin sıx iş qrafikinə baxmayaraq Serbiyaya səfər etməsini yüksək qiymətləndirərək bunu xüsusi diqqət və hörmətin göstəricisi kimi xarakterizə etdi.
Serbiya Prezidenti Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə böyük ehtiramını bildirərək onunla hər görüşdən çox şey öyrəndiyini qeyd etdi. Vuçiç Azərbaycan liderini təcrübəli dövlət xadimi və həqiqi lider kimi xarakterizə edərək, müxtəlif məsələlərə fərqli baxış bucağından yanaşmaq bacarığının Serbiya üçün də önəmli dərslər verdiyini vurğuladı. Bu ifadələr Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzunun, liderlik keyfiyyətlərinin və strateji düşüncə tərzinin digər dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirildiyini göstərən mühüm göstəricidir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı isə iki ölkə arasında münasibətlərin strateji mahiyyətini daha da aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev Serbiya Prezidentinin liderlik keyfiyyətlərini xüsusi vurğulayaraq onun dövlət maraqlarını hər şeydən üstün tutan lider olduğunu, bu siyasətin Serbiyanın uğurlu inkişafında mühüm rol oynadığını bildirdi. Azərbaycanın Serbiyanın dostu kimi bu inkişafdan məmnunluq duyduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ifadələr Azərbaycan və Serbiya arasında formalaşmış siyasi həmrəyliyin və qarşılıqlı hörmətin bariz nümunəsidir.
Prezident Əliyev çıxışında Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında müzakirə olunan məsələlərə toxunaraq gələcək planların aydın olduğunu vurğuladı. “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” deyən dövlət başçısı siyasi, iqtisadi və energetika sahələrində əlaqələrin gücləndirilməsi, beynəlxalq platformalarda ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və enerji-nəqliyyat sahələrində yeni imkanlardan istifadə edilməsinin əsas prioritetlər olduğunu bildirdi. O, Serbiyaya təbii qaz ixracının artıq başladığını və bu həcmin artırılması barədə razılıq əldə edildiyini qeyd etdi. Qazın elektrik enerjisinə çevrilməsi yolu ilə təmiz enerji istehsalının təmin ediləcəyini və bunun həm Serbiya bazarı, həm də gələcək ixrac üçün yeni imkanlar yaradacağını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın enerji ixrac potensialının hazırda 2 giqavat olduğunu və bu rəqəmin yaxın illərdə artacağını bildirdi. Azərbaycan Prezidentinin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etmək planı barədə açıqlaması ölkənin bərpaolunan enerji strategiyasının geniş miqyaslı olduğunu və Avropa bazarına yönəldiyini göstərir. Bu kontekstdə Serbiya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi mövqeyini daha da gücləndirir.
Nəticə etibarilə, Belqradda keçirilən bu səfər və mətbuat qarşısında verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin tarixində yeni səhifə açdı. İki liderin səmimi dostluq münasibətləri, qarşılıqlı etimada əsaslanan siyasi dialoq və genişmiqyaslı iqtisadi-energetika layihələri iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə dair güclü zəmanət yaradır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası
Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button