AnalitikaGündəmSiyasət

Rəqəmsal Transformasiya və Süni İntellekt Prioriteti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 fevral 2026cı il tarixində keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış etmişdir. Dövlət başçısı çıxışında süni intellektin dövlət qurumlarında tətbiqinə xüsusi diqqət yetirərək bildirib ki, aparıcı ölkələrdə artıq məmurların gündəlik fəaliyyətinə süni intellekt agentləri,-belə adlandırılır,- kömək göstərir. Bu yanaşma texnologiyanın yalnız məlumatların emal vasitəsi olmadığını, həm də strateji qərarların daha sürətli, əsaslandırılmış və effektiv şəkildə qəbul edilməsində mühüm rol oynadığını göstərir.
Azərbaycan üçün bu çağırış, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın həm texnoloji, həm də institusional tərəfini əhatə edən strateji vacib sahə olduğunu ortaya qoyur. Bu məqam, ölkəmizin rəqəmsal suverenliyi və idarəetmədə səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir.
Süni intellekt agentləri dövlət strukturlarında qərar qəbuletməni daha dəqiq və sürətli edir. Məlumatların təhlili, risklərin proqnozlaşdırılması və alternativ qərar variantlarının qiymətləndirilməsi süni intellektin əsas funksiyalarındandır. Bu yanaşma dövlət məmurlarının iş yükünü azaltmaqla yanaşı, yanlış və subyektiv qərarların qarşısını almağa kömək edir.
Prezidentin çıxışında qeyd etdiyi kimi, rəhbər orqanlarda süni intellektin geniş tətbiqi yalnız texnologiyanın istifadəsi deyil, həm də idarəetmədə düşüncə və davranış modelinin transformasiyasını tələb edir. Bu, dövlətin çevikliyini artırır, qərar qəbuletmə prosesini şəffaflaşdırır və vətəndaşların etibarını möhkəmləndirir.
Dünyanın aparıcı ölkələrində süni intellekt agentlərinin dövlət idarəçiliyində istifadəsi Azərbaycanın da bu sahədə sürətli addımlar atması üçün nümunə təşkil edir. Qlobal təcrübə göstərir ki, texnologiyanın inteqrasiyası həm strateji qərarların keyfiyyətini artırır, həm də dövlətin innovativ inkişafını sürətləndirir.

Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq və qabaqcıl təcrübənin öyrənilməsi, həmçinin süni intellektin tətbiqi sahəsində regional liderliyə doğru addım atmaq imkanlarını genişləndirir. Prezidentin çıxışında vurğuladığı kimi, bu sahədə yaradılan imkanlar və mövcud infrastruktur xarici tərəfdaşlara da çatdırılmalıdır ki, ölkəmizdə rəqəmsal inkişafın prioritet olduğu açıq şəkildə nümayiş etdirilsin.

Prezident çıxışında Kiber təhlükəsizlik Mərkəzinin fəaliyyətinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bu, göstərir ki, rəqəmsal transformasiya paralel olaraq kiber təhlükəsizlik tədbirləri ilə müşayiət olunmalıdır. Dövlət idarəçiliyində süni intellektin inteqrasiyası yalnız texnologiya deyil, həm də strateji planlaşdırma və institutların modernləşməsi tələb edir.

Fəaliyyət planının hazırlanması və müzakirə olunan məsələlərin həmin plana salınması idarəetmədə sistemli və uzunmüddətli yanaşmanın göstəricisidir. Bu, Azərbaycanın rəqəmsal inkişaf sahəsində təkcə texniki deyil, həm də institusional gücünü artırır.
Ali təhsil və tədqiqat perspektivindən Prezidentin çıxışı süni intellekt, data mərkəzləri və rəqəmsallaşma islahatlarının elmi-tədqiqat və tədris istiqamətləri kimi prioritetləşdirilməsinin vacibliyini göstərir. Universitetlərdə bu sahədə kadr hazırlığı və tədqiqat işlərinin gücləndirilməsi, gələcəkdə dövlət idarəçiliyində innovativ və səmərəli yanaşmaların tətbiqinə zəmin yaradır.
Xüsusilə regionşünaslıq və beynəlxalq münasibətlər sahəsində təhsil alan tələbələr üçün bu yanaşma qlobal rəqəmsal trendləri izləmək və ölkənin strateji maraqlarını nəzərə alaraq praktik tövsiyələr hazırlamaq imkanı yaradır.
Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatları yalnız texnoloji yenilik deyil, həm də ölkələrin gələcək inkişaf modelini müəyyən edən strateji faktordur. Azərbaycan üçün bu, idarəetmədə çevikliyi artırmaq, rəqəmsal suverenliyi təmin etmək və beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək baxımından həyati əhəmiyyət daşıyır.
Bu yanaşma həm dövlət qurumlarının səmərəliliyini artırır, həm də ali təhsil və elmi mühit üçün yeni perspektivlər açır.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi çağırış Azərbaycanın rəqəmsal gələcəyinin strateji prioritet olduğunu bir daha təsdiqləyir.

Kərimova Nurəngiz Əli qızı,
Bakı Slavyan Universitetinin müəllimi

Oxşar Xəbərlər

Back to top button