SosialAnalitikaMaraqlı

Vətənpərvər gənclər milli dövlətçiliyimizin işıqlı sabahıdır

2 Fevral Azərbaycanda Gənclər Günüdür.

Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır” kimi fikirləri gənclərimiz ölkəmizin bir çox sahələrində, o cümlədən xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində təsdiqini tapdı.

44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Gənclərimiz Vətən müharibəsindən şərəflə çıxdılar, etimadı layiqincə doğrultdular, onlar döyüşlərdə qəhrəmancasına iştirak etdilər. Bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunu gördü. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.

Şanlı Zəfər qələbəsinin qazanılmasında gənclərimizin şücaətini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yüksək qiymətləndirib. Möhtərəm Prezidentimizin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” tarixi sözləri gənclərimizə verilən ən böyük etimaddır.

Prezident İlham Əliyev eyni zamanda qeyd etmişdir ki, “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”

Ali Baş Komandan xüsusilə vurğulayıb: “Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər!”

Bu gün Ulu Öndərin tövsiyələrini özlərinin həyat amalına çevirən Azərbaycan gəncləri göstərilən etimadı layiqincə doğruldurlar. Onlar ölkədə milli dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsində, intellektual səviyyəli potensial kadr hazırlığında, dövləti idarəetmə qurumlarında aparıcı qüvvəyə çevriliblər.

Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözləri xatırlayırıq: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların ictimai və sosial sferada layiqli təbəqə kimi iştirakının təmin olunması həmişə diqqətdədir. Vətənpərvər gənclər milli dövlətçiliyimizin işıqlı sabahıdır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri düzgün təhlil edə bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik vətənpərvər gənclər ölkəmizi uğurlu gələcəyə aparan böyük qüvvədir.

Əziz gənclər, bayramınız mübarək olsun!

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

 

Oxşar Xəbərlər

Back to top button