
Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri 1990-cı il 20 Yanvar hadisələridir. Həmin gecə sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilmiş qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan şəhid olmuş, minlərlə vətəndaş yaralanmışdır. 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, milli azadlıq ruhunu daha da gücləndirmiş, müstəqillik ideyasını geri dönməz prosesə çevirmişdir.
20 Yanvar təkcə ağır faciə deyil, həm də Azərbaycan xalqının milli ləyaqətinin, azadlıq əzminin və istiqlal iradəsinin rəmzidir. Silahsız əhalinin üzərinə yeridilən tanklar, atılan güllələr xalqın mübarizə əzmini sarsıda bilməmiş, əksinə, sovet totalitar rejiminin mahiyyətini bütün dünyaya nümayiş etdirmişdir. Bu hadisə müstəqil Azərbaycan dövlətinin ideoloji-siyasi təməlində mühüm yer tutur.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hadisədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq şəkildə pisləmişdir. Bu addım o dövr üçün misilsiz siyasi cəsarət nümunəsi idi.
Ümummilli liderin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi və hüquqi qiymət verildi. 1994-cü il martın 29-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 20 Yanvar faciəsi sovet rejiminin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və cinayət aktı kimi tanındı. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailələrinə dövlət qayğısının göstərilməsi məhz Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramın dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan etmişdir. Prezidentin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən sosial dəstək tədbirləri ardıcıl şəkildə gücləndirilmiş, onların rifahının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul olunmuşdur.
Hər il yanvarın 20-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edir, 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edirlər. Bu, dövlət başçısının şəhidlərə olan hörmətinin, milli yaddaşa və tarixi ədalətə sadiqliyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında 20 Yanvar şəhidlərinin ailələri üçün sosial təminat tədbirləri genişləndirilmiş, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təqaüd və müavinətlərin artırılması təmin edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinin gənc nəsillərə daha dolğun çatdırılması üçün təhsil, mədəniyyət və informasiya siyasətində bu mövzuya xüsusi yer ayrılmışdır.
20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu faciə xalqımızın azadlıq salnaməsinin ayrılmaz hissəsi kimi daim xatırlanır, anım mərasimləri, elmi konfranslar, maarifləndirici tədbirlər vasitəsilə gələcək nəsillərə ötürülür.
Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin qanı bahasına qazanılmış azadlığın bəhrəsidir. Vətən uğrunda canından keçənlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. 20 Yanvar – yaddaşımızda əbədi yaşayacaq, şəhidlərimizin ruhu isə müstəqil Azərbaycan dövlətinin güc və qürur mənbəyi olaraq daim uca tutulacaqdır.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



