
Konstitusiya və Suverenlik İli çərçivəsində Noyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə “Dövlətimizin dayağı-Konstitusiya” mövzusunda tədbir keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının rəhbərliyi, əməkdaşları, partiya fəalları, ərazi partiya təşkilat sədrləri, Şəki Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və təmsillçiləri, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rauf Hacıyev açaraq qeyd edib ki, 12 noyabr 1995-ci il tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını təşkil edir. Bu sənəd xalqın iradəsinin ifadəsi kimi müstəqil, demokratik və hüquqi dövlətin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya ölkəmizin siyasi, iqtisadi və sosial inkişafında yeni mərhələnin başlanğıcı olub.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyası öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı, ədalətli idarəetmə sisteminin hüquqi bazasıdır. Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanan bu sənəd sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilib, ölkəmizin sürətli inkişafına xidmət edən islahatların hüquqi təminatı kimi çıxış edib.
Tədbirdə həmçinin qeyd olunub ki, 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illik yubileyi münasibətilə ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər gənc nəslin milli dəyərlərə, dövlətçilik ənənələrinə, hüquqi düşüncəyə və vətəndaş məsuliyyətinə daha dərindən yiyələnməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin Konstitusiyanın əhəmiyyəti, onun vətəndaş cəmiyyətinin inkişafında rolu barədə fikirlər səsləndirilib və mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.
















