AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Üçrəngli bayrağımız bu gün müstəqilliyimizin, milli həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının əsas rəmzidir

“Azərbaycan xalqının milli qürurunun, azadlıq iradəsinin və müstəqil dövlətçilik ənənələrinin parlaq simvolu olan üçrəngli Dövlət Bayrağı ölkəmizin suverenliyini, milli kimliyini və vətəndaş birliyini ifadə edən ən müqəddəs rəmzlərdəndir. Hər il 9 noyabr – Dövlət Bayrağı Günü kimi qeyd olunması bu dəyərlərin dövlət səviyyəsində təntənəsini təmin edir. Bayraq Günü həm dövlət rəmzinə hörmətin təcəssümü, həm də milli dövlətçiliyin ideoloji əsaslarının təbliğidir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bu, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin suverenlik rəmzi kimi tarixə düşmüşdür. Bayrağın mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq prinsiplərini özündə birləşdirir. Bu ideyanın müəllifi, görkəmli fikir adamı Əli bəy Hüseynzadə olmuşdur. Üçrəngli bayraq xalqımızın milli iradəsini, müasir dünyaya inteqrasiyasını və mənəvi köklərinə sədaqətini ifadə edir. O, milli identikliyin və azərbaycançılıq məfkurəsinin ayrılmaz hissəsidir.

“Azərbaycan dövlətçiliyinin bərpası prosesində Ümummilli Lider Heydər Əliyev üçrəngli bayrağın yenidən ucaldılması istiqamətində tarixi addımlar atmışdır. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edilmişdir. Bu qərar Ulu Öndərin siyasi iradəsinin və milli təfəkkürünün təntənəsi idi. Məhz bu təşəbbüs nəticəsində 1991-ci ilin fevralında Azərbaycan SSR Ali Soveti üçrəngli bayrağı dövlət rəmzi kimi bərpa etdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu və onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayraq bərpa edildi.

Onun sözlərinə görə, Azərbaycanın qalibiyyət dolu müasir tarixi üçrəngli bayrağımızla tamamlanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində əldə edilən Böyük Zəfər nəticəsində Azərbaycan bayrağı yenidən Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Cəbrayılda, Füzulidə və digər azad edilmiş torpaqlarda dalğalanmağa başladı. Bayraq bu gün müstəqilliyimizin, milli həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının əsas rəmzidir. O, hər bir vətəndaşın vətənə, xalqa və dövlətə sədaqətinin təcəssümüdür.

Oxşar Xəbərlər

Back to top button