AnalitikaGündəmSiyasət

İşğalın nəticələri

Azərbaycan tarixinin mühüm səhifələrindən biri Cəbrayıl rayonunun işğalı, uzun illər düşmən tapdağında qalması və nəhayət 2020-ci ildə şanlı Ordumuzun igidliyi sayəsində azad olunması ilə bağlıdır. Bu tarixi hadisə xalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və milli birliyin parlaq nümunəsi kimi həkk olunmuşdur.

Cəbrayıl rayonu Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgələrindən biridir. Lakin Ermənistanın 1993-cü ilin avqust ayında həyata keçirdiyi hərbi təcavüz nəticəsində Cəbrayıl rayonu, o cümlədən şəhər mərkəzi işğal olundu. İşğal dövründə ermənilər bölgədə geniş dağıntılar törətdilər, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları yerlə-yeksan edildi. Minlərlə Cəbrayıl sakini doğma yurdlarından didərgin düşdü, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və qısa müddətdə çoxsaylı yaşayış məntəqələrimizi işğaldan azad etdi. 4 oktyabr 2020-ci ildə isə Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə düşmən işğalından azad olundu.

Bu xəbər Azərbaycan xalqında böyük sevinc və qürur hissi yaratdı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Cəbrayıl şəhərinin və kəndlərinin işğaldan azad olunması barədə müjdəni elan edərək, əsgərlərimizin göstərdiyi igidliyi yüksək qiymətləndirdi. Bu, eyni zamanda xalqın 30 ilə yaxın davam edən həsrətinə son qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 may tarixli Sərəncamı ilə 4 oktyabr “Cəbrayıl şəhər günü” elan olundu. Bu qərar həm Cəbrayılın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə ehtiram, həm də xalqımızın zəfər tarixinin əbədiləşdirilməsi məqsədi daşıyır. Bu gün artıq hər il ölkə miqyasında xüsusi təntənə ilə qeyd olunur və Cəbrayılın dirçəlişi, bərpası və gələcək inkişafı üçün bir rəmzə çevrilir.

İşğaldan azad olunduqdan sonra Cəbrayıl rayonunda geniş bərpa və quruculuq işlərinə başlanılıb. Dövlətimiz bölgəyə böyük diqqət yetirir, yeni infrastruktur layihələri həyata keçirilir, yollar, körpülər, məktəblər, xəstəxanalar və yaşayış evləri tikilir. Məqsəd məcburi köçkünlərin öz doğma yurdlarına tezliklə qayıtmasıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl yenidən həyat qazanır.

Cəbrayıl rayonunun azad olunması Azərbaycan xalqının milli iradəsinin, Ordumuzun gücünün və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. 4 oktyabr tarixi isə artıq təkcə Cəbrayıl sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur günü kimi qeyd olunur. Bu günün təsis edilməsi xalqımızın zəfər ruhunun yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button