
BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın iştirakı, ölkəmizin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi, regional və qlobal məsələlərdə fəal rol oynaması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sessiya, eyni zamanda Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməsi üçün mühüm platformadır.
Sentyabrın 25-də ABŞ-nın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak etmişdir. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi–Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər sessiyada iştirak etmişdir. Orada mühüm çıxışlar edilmiş, beynəlxalq ictimaiyyətə ölkəmizin mövqeyini çatdırılmışdır.
Prezident İlham Əliyev sessiyadakı çıxışına “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”-deyərək başlayıb.
Ölkə başçımızın çıxışında Ermənistan-Azərbaycan münasibətləri və Vətən müharibəsindəki tarixi Zəfərimiz xüsusi diqqət çəkib. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Cənab Prezidentimiz çıxışında həmçinin diqqətə çatdırıb ki, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Hətta, “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”-deyə dövlət Başçımız bəyan edib.
BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın iştirakı, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal və konstruktiv aktor olduğunu bir daha nümayiş etdirmişdir. Bu sessiya, Azərbaycanın sülh təşəbbüslərinin, regional əməkdaşlıq planlarının və qlobal problemlərə yanaşmalarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm bir fürsət olmuşdur. Prezident İlham Əliyev sessiyada möhtəşəm çıxışı ilə beynəlxalq ictimaiyyəti Ermənistana qarşı ikili standartlardan imtina etməyə, ədalətli yanaşmaya və sülhə daha çox dəstək verməyə çağırıb.
Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini



