AnalitikaGündəmSiyasət

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edilmiş və bu işğal nəticəsində Ermənistanla Qarabağdakı separatçı qüvvələr arasında birbaşa əlaqə yaranmışdı. Bu əlaqə Ermənistan üçün strateji önəm daşıyırdı, çünki bu yol vasitəsilə hərbi texnika, silah, sursat, həmçinin insan resursları daşınırdı.

Uzun illər ərzində beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Laçın dəhlizi Azərbaycanın icazəsi olmadan istifadə olunmuş, nəticədə Azərbaycan ərazilərində separatçı rejimin möhkəmlənməsi və Ermənistanın işğal siyasətinin davam etməsi üçün şərait yaranmışdı.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad etdi. Lakin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verildi. Bu, bölgədə sabitliyin qorunması üçün atılan addım idi, amma eyni zamanda Azərbaycanın tam suveren hüquqlarının həyata keçirilməsi prosesini müəyyən qədər məhdudlaşdırırdı. Bununla belə, Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi ki, dəhlizdən yalnız humanitar məqsədlərlə istifadə olunmalıdır. Lakin Ermənistan tərəfindən dəhliz vasitəsilə qanunsuz hərbi daşımalar həyata keçirilir, silah-sursat gətirilir və separatçı rejim dəstəklənirdi.

2022-ci ilin avqustunda Azərbaycan Ordusu Laçın şəhərinə və ətraf kəndlərə tam nəzarəti bərpa etdi. Bu, həm hərbi, həm də siyasi baxımdan böyük qələbə idi. Bunun ardınca isə əsas məsələ sərhəd nəzarətinin bərpası idi. 2023-cü ilin 23 aprelində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın istiqamətində – Azərbaycan-Ermənistan sərhədində “Laçın” Nəzarət-Buraxılış Məntəqəsini yaratdı. Bu məntəqənin açılması ilə Azərbaycan beynəlxalq sərhədlərinə tam nəzarəti təmin etmiş oldu. Məntəqənin yaradılması həm beynəlxalq hüquqa, həm də dövlətin suverenlik prinsiplərinə tam uyğun idi.

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması Azərbaycan üçün çoxsaylı siyasi nəticələr doğurdu. Azərbaycan artıq bütün sərhədlərinə tam şəkildə nəzarət edə bildi. Bu, suveren dövlətin ən vacib atributlarından biridir. Buraxılış məntəqəsinin fəaliyyətə başlaması ilə dövlət sərhədlərində qanunsuz hərəkətlərə son qoyuldu.

Uzun illər Ermənistan Laçın dəhlizindən istifadə edərək Qarabağda separatçı quruma dəstək verirdi. Silah-sursat daşınması, hərbi qüvvələrin rotasiyası və digər qanunsuz fəaliyyətlər məhz bu yol üzərindən həyata keçirilirdi. Məntəqənin yaradılması ilə bu proses dayandırıldı və separatçılar faktiki olaraq təcrid olundu.

Azərbaycanın bu addımı beynəlxalq hüququn prinsiplərinə tam uyğun idi. Çünki hər bir dövlət öz sərhədinə nəzarət etmək hüququna malikdir. Ermənistan və onun havadarları bu reallığı qəbul etməyə məcbur oldular.

“Laçın” məntəqəsinin fəaliyyətə başlaması Ermənistanın separatçılara hərbi dəstəyini kəskin şəkildə məhdudlaşdırdı. Bu isə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri üçün mühüm zəmin yaratdı. Qısa müddət ərzində separatçı rejim ləğv edildi və Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olundu.

Məntəqənin qurulmasından sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi daha intensiv mərhələyə keçdi. Bu gün tərəflər danışıqlar aparır və sərhədin hüquqi cəhətdən müəyyən olunması istiqamətində işlər görülür.

Ümumi olaraq qeyd edək ki, “Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Azərbaycan “Laçın” məntəqəsini qurmaqla yalnız öz dövlətçiliyini möhkəmləndirmədi, həm də regionda davamlı sülh və sabitliyin bərpası üçün əsaslı zəmin yaratdı. Bu hadisə həm tarixi, həm siyasi, həm də strateji baxımdan ölkəmizin müstəqillik salnaməsində əbədi iz qoydu.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button