AnalitikaGündəmSiyasət

30 ildən çox davam edən işğal

30 ildən çox davam edən işğal.

Azərbaycan tarixində həm faciəvi, həm də qürurverici hadisələr baş verməklə xalqımızın necə mübariz, cəsarətli bir xalq olduğunu bütün dünyaya göstərmişdir. Tariximizin son dövrlərində Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişələr nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış torpaqları işğal edilmişdir.

Xüsusilə, 1988-ci ildə Ermənistan SSR-də separatçı qüvvələrin “Dağlıq Qarabağ”ı Azərbaycandan ayırmaq cəhdləri münaqişənin başlanğıcı olmuş, Sovet rəhbərliyinin zəifliyi, Ermənistanın açıq şəkildə Azərbaycana qarşı təxribatları, habelə beynəlxalq ictimaiyyətin laqeydliyi bu siyasətin genişlənməsinə şərait yaradaraq 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Rusiya ordusunun dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizinin şğal olunması ilə nəticələnmişdir.

İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüş, uzun illər çadırlarda, ağır şəraitdə yaşamağa məcbur olmuşlar. Ermənistan işğal etdiyi ərazilərdə yalnız insanları deyil, həm də Azərbaycanın tarixi-mədəni irsini hədəf almışdı. Məscidlər təhqir edilmiş, qəbiristanlıqlar dağıdılmış, muzeylər talan olunmuşdur. Bu vandalizm təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət idi.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrlə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər icra edilmədi. ATƏT-in Minsk qrupu isə uzun illər ərzində münaqişənin həlli üçün real nəticə ortaya qoya bilmədi. Ermənistan işğalı uzatmaqla vaxt qazanır, Azərbaycanın səbirlə gözləməsinə güvənirdi. Lakin artıq Azərbaycan xalqının səbri qalmamışdı.

Ermənistanın 2020-ci ilin iyulunda Tovuz istiqamətində törətdiyi təxribatlar, ardınca cəbhə xətti boyunca yeni hücumlara başlaması müharibəni qaçılmaz etdi. Sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücuma keçərək Vətən müharibəsinə başladı.
Azərbaycan müasir silahlarla təchiz olunmuş, yüksək hazırlıqlı orduya sahib idi. Ordumuz təkcə texniki baxımdan deyil, həm də mənəvi ruh baxımından üstün idi. Əsgərlərimiz öz torpaqları uğrunda döyüşür, doğma yurdlarını azad etmək amalını daşıyırdılar. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, minlərlə kənd və strateji yüksəklikləri azad etdi. Ən böyük uğurlardan biri 8 noyabrda Şuşanın azad olunması oldu. Şuşanın azadlığı Azərbaycan xalqı üçün həm mənəvi, həm də strateji baxımdan qələbənin zirvəsi idi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatla müharibə dayandırıldı. Ermənistan kapitulyasiya aktına imza ataraq Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz qaytarmağa məcbur oldu.Beləliklə, Azərbaycan Ordusunun qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu. Bu qələbə xalqımızın uzun illərdir həsrətini çəkdiyi ədalətin bərpası idi.

Vətən müharibəsindən sonra Qarabağda yerləşən erməni silahlı birləşmələri tam tərksilah edilməmişdi. Ermənistan həmin qüvvələrə dəstək göstərərək, Azərbaycanın suverenliyinə qarşı təxribatlar törədirdi. Xankəndi və ətraf bölgələrdə yaradılmış qondarma qurum Azərbaycanın ərazi bütövlüyünə təhlükə olaraq qalırdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı. Əməliyyatın məqsədi qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və ölkənin konstitusion quruluşunun bərpası idi. Qısa müddətdə strateji yüksəkliklər nəzarətə götürüldü, silah-sursat anbarları məhv edildi.

Sentyabrın 20-də separatçı qüvvələr silahı yerə qoyaraq təslim oldu. Qondarma qurumun rəhbərləri Azərbaycanın şərtlərini qəbul etdilər. Bununla da Qarabağda separatizmə birdəfəlik son qoyuldu.
Antiterror əməliyyatları Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi. Xankəndi, Xocalı, Xocavənd və digər ərazilər üzərində dövlət suverenliyi bərpa olundu. Bu, Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı idi – artıq ölkəmizin ərazilərində qanunsuz silahlı dəstələr mövcud deyildi.

Ümumi olaraq qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı Azərbaycan xalqına böyük itkilər yaşatdı. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 2020-ci ildə tarixi Zəfərə nail oldu, 2023-cü ildə isə suverenliyini tam bərpa etdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ və Şərqi Zəngəzur sürətlə inkişaf edən bölgələrə çevrilməkdədir.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button