
26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını simvolizə edən əlamətdar günlərdən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu bölgələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Laçın şəhəri günü 26 avqustda qeyd olunur və bu tarix xalqımızın sarsılmaz iradəsini, milli qürurunu və Laçının azad edilməsini əks etdirir. Vətən müharibəsində qazanılmış Qələbə ilə 30 illik ədalətsizlik aradan qaldırıldı. Laçın həm hərbi-strateji, həm də siyasi baxımdan xüsusi əhəmiyyətə malikdir.
44 günlük müharibənin nəticəsi olaraq Üçtərəfli Bəyanat imzalanmış və Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da isə şəhər tam nəzarətə alındı. 2023-cü il apreldə sərhəd-keçid məntəqəsi istifadəyə verildi ki, bu da Azərbaycanın suverenliyini və sərhədlərə tam nəzarətini təsdiqləyir.
Bölgədə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı doğma torpaqlarına qayıdıb, həyat qurur. İnfrastruktur layihələri, müasir evlər, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər şəhərin yeni simasını yaradır. Laçın Beynəlxalq Hava Limanı isə bölgənin turizm və iqtisadi inkişafına strateji töhfə verir.
Bununla yanaşı, Laçın beynəlxalq mədəniyyət mərkəzlərinə çevrilir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilmişdir. 26 avqust – Laçın günü, həm tarixi ədalətin, həm də gələcəyə olan inamın rəmzidir.
Ramilə Balayeva,
Yeni Azərbaycan Partiyasının fəalı