SiyasətGündəmMaraqlıSosial

Şəkidə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib

14 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “Suverenliyə doğru yol: Heydər Əliyev irsi” adlı tədbir keçirilmişdir.

Aktualinfo.az xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, böyük hörmət və ehtiramla yad edilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə misli görünməmiş canlanma baş vermiş, bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Məhz həmin dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, xalqımızın milli şüurunda böyük oyanış baş vermişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci hakimiyyəti dövründə də, Mustəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmışdır.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova çıxış edərək 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində xüsusi yeri olduğunu, məhz həmin tarixdən başlayaraq ölkəmiz bütün sahələrdə köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikamız inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxmış, 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevrilərək bugünkü müstəqilliyimizin təməli qoyulmuş, Heydər Əliyev hakimiyyətinin növbəti mərhələsi olan 1993-2003-cü illərdə isə Azərbaycanın sürətli inkişafının və bugünkü reallıqların əsası qoyulmuşdur.

Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarxa tamaşa ediblər.

Oxşar Xəbərlər

Back to top button