
İyulun 2-də Bakı yenidən mühüm bir tarixi anın şahidi oldu. Qardaş ölkə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüş iki ölkə arasında münasibətlərin daha da dərinləşdiyini bir daha sübut etdi.
Görüş təkcə diplomatik etiketlərdən ibarət deyildi. Bu, hər iki ölkənin strateji maraqlarını uzlaşdırmaq, gələcəyə yönəlmiş konkret layihələr və əməkdaşlıq platformaları qurmaq baxımından əhəmiyyətli bir mərhələ oldu. Prezidentlər arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər qarşılıqlı etimad və anlaşmanın yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
Görüş zamanı imzalanan sənədlər arasında iqtisadi, energetika, nəqliyyat və humanitar sahələri əhatə edən sazişlər xüsusi diqqət çəkir. Eyni zamanda, Azərbaycanın paytaxtında “Özbəkistan” parkının və Özbəkistan səfirliyinin yeni binasının açılışı, bu dostluğun yalnız siyasi deyil, həm də mədəni və simvolik səviyyədə inkişaf etdiyini göstərdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Şavkat Mirziyoyevin də Qarabağın bərpasında Özbəkistanın rolunu xüsusi vurğulaması ölkəsinin Azərbaycanın haqlı mövqeyinə daim dəstək verdiyini nümayiş etdirdi.
Bütün bu hadisələr fonunda aydın görünür ki, Bakı və Daşkənd yalnız bu gün deyil, sabah üçün də birlikdə plan qurur. Bu münasibətlərin əsasında ortaq tarixi köklər, din və dil yaxınlığı, həm də ortaq siyasi baxışlar dayanır.
Azərbaycan və Özbəkistanın regional təşəbbüslərdə birgə iştirak etməsi, Mərkəzi Asiya və Cənubi Qafqazın inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq formatı təkcə iki ölkə deyil, bütün region üçün sülh, sabitlik və inkişaf vəd edir.
2 iyul görüşü sadəcə diplomatik bir səfər deyildi. Bu, Azərbaycan–Özbəkistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. İki liderin səmimi münasibətləri və xalqlar arasındakı təbii yaxınlıq, bu strateji tərəfdaşlığın uzunömürlü və möhkəm olacağına güclü zəmin yaradır.
Vaqif Vəlibəyli,
Yeni Azərbaycan partiyası Nizami rayon təşkilatının könüllüsü.