AnalitikaGündəmİqtisadiyyat

Layihənin texniki və iqtisadi əhəmiyyətidir

Prezident Cənab İlham Əliyevin çıxışı yalnız texniki layihəni deyil, həm də ölkənin gələcək inkişaf modelini əhatə edən konseptual sənəd xarakteri daşıyır. Yeni “8 Noyabr” Elektrik Stansiyası 1280 meqavat gücündə olacaq və müasir texnologiyalarla təchiz olunacaq. Stansiya istifadəyə verildikdən sonra ildə 12.5 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu, ölkənin enerji balansına ciddi təsir göstərəcək və təbii qaz sərfiyyatını ildə 1 milyard kubmetrdən çox azaldacaq. Həmçinin bu, ətraf mühitin mühafizəsi baxımından mühüm addımdır – karbon emissiyaları təqribən 2 milyon ton azalacaq. Prezident Cənab İlham Əliyev çıxışında vurğuladığı kimi, bu layihə daxili investisiyalarla və xarici tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçirilir. “Azərenerji” layihənin əsas maliyyə daşıyıcısıdır, eyni zamanda Avropa və Asiya ölkələri ilə texniki əməkdaşlıq da qurulub. Prezident Cənab İlham Əliyev çıxışında bu layihəni tarixi kontekstdə təqdim etdi. O, qeyd etdi ki, Mingəçevir energetika sənayesinin beşiyidir və bu yolun əsası ulu öndər Heydər Əliyev tərəfindən 1970-ci illərdə qoyulub. Bu paralel dövlətçiliyin davamlılığını, strateji baxışın ötürülməsini və gələcəyə yönəlik planların icraçılıqla birləşməsini simvolizə edir. Xüsusi vurğulanan məqamlardan biri də stansiyanın adıdır: “8 Noyabr” – Zəfər Günü. Bu simvolika həm Qarabağda qazanılmış Qələbəni əbədiləşdirir, həm də enerji layihəsinin milli ruhla vətənpərvərlik arasında körpü olduğunu göstərir. Prezident Cənab İlham Əliyev enerji infrastrukturunun strateji əhəmiyyətinə xüsusi diqqət çəkdi. 2020-ci il Vətən Müharibəsi zamanı Ermənistan tərəfi Mingəçevir su anbarı və elektrik stansiyasını hədəf alsa da, bu obyektlərin qorunması uğurla həyata keçirildi. Bu fakt göstərdi ki, enerji infrastrukturu yalnız iqtisadi deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Yeni stansiyanın inşası ölkənin daxili enerji ehtiyaclarını ödəməklə yanaşı, ixrac potensialını da artıracaq. Xüsusən də Gürcüstana, Türkiyəyə və Avropaya enerji ixracı üçün yeni imkanlar yaranır. Layihə yalnız texnoloji tərəqqi deyil, həm də sosial-iqtisadi inkişaf və regional balanslaşdırmaya yönəlib. Mingəçevir artıq təkcə sənaye şəhəri deyil, strateji enerji mərkəzinə çevrilməkdədir. Yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi və şəhərin beynəlxalq əhəmiyyət qazanması bu layihənin dolayı faydaları sırasındadır.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button