
Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında əlaqələr dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu iki ölkə, müxtəlif coğrafi bölgələrdə yerləşmələrinə baxmayaraq, qarşılıqlı maraqları və ortaq mövqeləri sayəsində uzun illərdir uğurlu münasibətlər qurmuşlar. Xüsusilə enerji, təhsil, mədəniyyət və diplomatik sahələrdə əlaqələrin inkişafı diqqət çəkir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin əsası hələ Sovet İttifaqı dövründə qoyulmuşdur. XX əsrin ortalarında Sovet İttifaqının tərkibində olan Azərbaycan, Vyetnama texniki və təhsil sahəsində böyük dəstək göstərmişdir. Azərbaycanın neft sənayesi üzrə mütəxəssisləri Vyetnamda mühüm layihələrdə çalışmış, bu ölkənin enerji sektorunun inkişafına töhfə vermişlər. Həmin dövrdə Vyetnamdan gələn tələbələr Azərbaycan universitetlərində – xüsusilə də Neft və Kimya İnstitutunda (indiki ADNSU) təhsil almışlar.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Vyetnam 23 sentyabr 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanımış və iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 1997-ci ildən etibarən Azərbaycanda Vyetnamın fəxri konsulluğu fəaliyyət göstərir. 2013-cü ildən isə Hanoyda Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Vyetnamın isə 2019-cu ildən Bakıda səfirliyi fəaliyyət göstərir.
Azərbaycan ilə Vyetnam arasında yüksək səviyyəli siyasi dialoq son illərdə daha da intensivləşmişdir. Hər iki ölkənin rəhbərləri beynəlxalq tədbirlər çərçivəsində mütəmadi olaraq görüşmüş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sang ilə görüşmüş, bu görüş zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərirlər. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində Vyetnamın prinsipial mövqeyi və dəstəyi qeyd edilməlidir. Vyetnam Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələri hələlik istənilən səviyyədə olmasa da, son illərdə bu sahədə müəyyən dinamika müşahidə olunur. 2014-cü ildə Bakıda keçirilmiş Azərbaycan-Vyetnam biznes forumu çərçivəsində bir sıra əməkdaşlıq sənədləri imzalanmış və qarşılıqlı sərmayə imkanları müzakirə olunmuşdur. Neft və qaz sektoru, kənd təsərrüfatı, əczaçılıq, tekstil və qida sənayesi əməkdaşlıq üçün perspektivli sahələr hesab olunur.
Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. Hər iki ölkə enerji ehtiyatlarına malik olmaqla yanaşı, bu sahədə təcrübə mübadiləsi üçün geniş imkanlara sahibdir. Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq ənənəvi olaraq yüksək səviyyədə olmuşdur. Sovet dövründə onlarla vyetnamlı tələbə Azərbaycanda ali təhsil almış və hazırda bu məzunlar ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayırlar. Onların bir çoxu Vyetnamda mühüm vəzifələrdə çalışmış və çalışmaqda davam edirlər. Mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatı Vyetnamda maraq doğurur. 2015-ci ildə Hanoyda Azərbaycan mədəniyyəti günləri təşkil olunmuş, bu tədbir çərçivəsində sərgilər, konsertlər və film nümayişləri keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının UNESCO və digər beynəlxalq mədəni təşkilatlarda təşəbbüslərinə Vyetnam da dəstək verir. Azərbaycan və Vyetnam arasında diplomatik nümayəndəliklərin açılması münasibətlərin daha da dərinləşməsinə təkan vermişdir. Səfirliklərin fəaliyyəti sayəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində real addımlar atılmışdır.
Azərbaycan və Vyetnam beynəlxalq arenada bir-birini dəstəkləyən ölkələrdir. Hər iki dövlət BMT-nin və Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin hüquqlarının müdafiəsinə, beynəlxalq hüququn və ədalətin qorunmasına xüsusi önəm vermişdir. Bu siyasət Vyetnam tərəfindən də yüksək qiymətləndirilmişdir. Eyni zamanda iqlim dəyişikliyi, davamlı inkişaf məqsədləri və qlobal təhlükəsizlik kimi məsələlərdə Azərbaycan və Vyetnam ortaq mövqedən çıxış edir və bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırırlar.
Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüş və iki ölkə arasında tərəfdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Sənədlər imzalandıqdan sonra iki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikası ilə gələcək əlaqələrin inkişafı barədə danışaraq demişdir: “Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.”
Azərbaycan və Vyetnam arasında münasibətlərin gələcək inkişafı üçün geniş potensial mövcuddur. Xüsusilə ticarət dövriyyəsinin artırılması, birgə biznes layihələrinin reallaşdırılması, turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, elmi-texniki mübadilələrin intensivləşdirilməsi bu əlaqələrin dərinləşməsinə xidmət edə bilər.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri