AnalitikaSiyasət

İran Prezidentinin Azərbaycana rəsmi səfəri, iki ölkə arasında strateji əməkdaşlığın inkişafını və regional sabitliyin təmin edilməsində birgə səyləri gücləndirən mühüm bir addım kimi tarixə düşdü

2025-ci il aprelin 2-də İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri regionda mühüm geosiyasi hadisələrdən biri kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüşlər, habelə mətbuata verilən birgə bəyanat, iki ölkə arasında münasibətlərin gələcək inkişafının əsas konturlarını müəyyənləşdirdi. Son illərdə Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər, nəqliyyat-kommunikasiya xətlərinin yenidən formalaşması və Zəngəzur dəhlizi layihəsi İran-Azərbaycan münasibətlərinə xüsusi dinamizm qazandırıb. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və İran dövlətləri bütün çətinliklərə baxmayaraq, qonşuluq və dostluq prinsiplərini rəhbər tutaraq münasibətlərini daim möhkəmləndiriblər. Bəyanat zamanı diqqət çəkən əsas məqamlardan biri iqtisadi əməkdaşlığın genişləndirilməsi oldu. Tərəflər birgə sənaye zonalarının yaradılması, sərhəd ticarətinin inkişaf etdirilməsi, energetika və nəqliyyat sahələrində strateji layihələrin həyata keçirilməsi istiqamətində konkret razılaşmalar əldə etdilər.

Prezident Pezeşkian Azərbaycanın regional təşəbbüslərini dəstəklədiklərini bildirərək, İranın da bu layihələrdə fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Tərəflər həmçinin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğuladılar. Xüsusilə Ermənistan-Azərbaycan münasibətləri kontekstində sülh gündəliyinin irəliləməsi və nəqliyyat dəhlizlərinin açılması məsələsində İranın konstruktiv mövqeyi təqdir olundu. İlham Əliyev bəyan etdi ki, Azərbaycan regionda sabitliyin təmin olunması üçün bütün qonşularla əməkdaşlığa açıqdır və İranla bu istiqamətdə dialoq xüsusi yer tutur. Bu səfər, eyni zamanda, iki dövlətin siyasi iradəsinin nə qədər güclü olduğunu nümayiş etdirdi. Tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsipinə sadiq olduqlarını bir daha təsdiqlədilər. İran Prezidentinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə verdiyi dəstək isə ölkəmiz üçün mühüm diplomatik jest hesab oluna bilər. İran Prezidentinin 2025-ci il aprelin 2-də Azərbaycana etdiyi bu səfər, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər təkcə iki qonşu dövlət arasında deyil, bütövlükdə regionda inteqrasiya və əməkdaşlıq baxımından da mühüm əhəmiyyətə malikdir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button