
Azərbaycan türk xalqı Cənubi Qafqazın yerli xalqlarından olub, bu gündə ən çox saylı xalqı olaraq qalmaqdadı. Azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. Kimmer, sak, quqar, şirak, qarqar, şadılı, kəngərli, cinli, oğuz, sabunçu, baharlı, bayandur, əfqan, qacar, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkmən, ayrım, qarapapaq, zəngi, muğanlı, bayat, ilxıçı, kolanı, kürəkənli (körakanlı) və başqa türk qövmləri bölgədə yaşayan köklü tayfalar olublar. Qərbi Azərbaycan ərazisində, həmçinin Azərbaycan türklərinin soykökündə iştirak etmiş varsaq, barsil, şiraq (siraq), qaşqay, saq, arsaq, bulqar kimi türk tayfaları da çox qədim zamanlardan bu ərazilərdə yaşayıblar. Qərbi Azərbaycan ərazisi e.ə. IV yüzillikdən – eramızın 705-ci ilinə qədər qədim Azərbaycan dövləti Albaniyanın, VIII-IX yüzilliklərdə Ərəb xilafətinin, XI-XIII yüzilliklərdə Səlcuqlu dövlətinin, XIII-XIV əsrlərdə Böyük Monqol imperiyasının, 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə Ağqoyunlu, 1501-1736-cı illərdə Səfəvilər, 1736-1747- ci illərdə isə Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilliyin sonları və XVIII yüzilliyin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılan İrəvan xanlığı 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Gəmibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçeniş, Saatlı, Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Karpibasar, Abaran, Dərəçiçək və Göyçə. Bütün bunlar Qərbi Azərbaycanın əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd olmasını təsdiq edir.
Ümumiyyətlə, tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda ermənilər yaşamayıb. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirməyə başladı. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar – 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalayıb. “Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında” adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu.
1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalayıb. 1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman verib. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunub. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş verib. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828-29-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.
Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda – İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə – Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu. Beləliklə, 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasından gələn XI Qırmızı Ordunun süngüləri ilə devrildi, şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.
1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində (“Nərimanov Bəyannaməsi”), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır. Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: “N.Nərimanovun Zəngəzur qəzasını “Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi” ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu “Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək üçün tam hüquq verilməsi” haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir.
Ermənilər 1828-ci ildə İrandan Azərbaycana köçürüldülər, Qarabağda ən yaxşı torpaqlarda yerləşdirildilər. Məskunlaşdıqları yerlərdən birini İranda yaşadıqları yer kimi “Marağa” adlandırdılar. Köçüb gəldiklərinin 150 illiyi münasibətilə bayram etdilər, abidə qoyub, dövrəsində “Marağa-150” yazdılar. “Qarabağ problemi” ərəfəsində isə bu abidəni ermənilər tez-tələsik sökərək izi itirməyə çalışdılar”. Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rolu olan regionlardan biridir. Qarabağın zəngin mədəniyyətə malik Şuşa-Pənahabad şəhəri Azərbaycanda müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəri olub. İlk dünyəvi məktəb 1830-cu ildə Şuşada açılıb. Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə malik şəxslər vermiş regiondur. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər. 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-89-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.
Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-53-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMVdən olan deputatlarının seçkisi keçirilib. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi.
Aydın görünürdü ki, Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. “Xocalıya ədalət!” Kampaniyası 1993-cü ildə Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu dahi oğlu, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevdə gördü və ölkənin gələcək taleyini ona etibar etdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeydşərtsiz çıxarılması tələb olunub. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu DƏMİR YUMRUQ əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.
10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuşdur. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır. Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır. Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndində Azərbaycan respublikasının bayrağını ucaltmışdır. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü təmamilə bərpa olunmuşdur.
Abasov Həmid,
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin müəllimi