AnalitikaGündəm

Erməni vandalizminə məruz qalan əsrarəngiz Laçın şəhərinin gözəlliyi özünə qayıdır

2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Amma gözəl Laçınımızdan heç nə qalmamışdı. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Bəli, ermənilər bu şəhərin hər tərəfində vandalizm aktını həyata keçirmişdilər. Qurulan hər bir tikilidə erməni vəhşiliyi iz qoymuşdu.

Ermənilər bununla kifayətlənmədilər və vəhşiliklərini daha geniş müstəviyə keçirdilər. Onlar işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Ermənilər təkcə Laçını yox, Azərbaycanın digər dilbər guşələrini də viran qoymuş, həm mülki, həm də mədəni abidələrimizi məhv etmişlər.

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirakı zamanda açılış nitqində demişdir: “Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar.

Amma bununla işlərimiz bitmir. Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur — su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq.

Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni, bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu dağıntılar arasındadır. Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır”.

Bəli, 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın hazırda özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Laçınlılar inanır ki, bu şəhər ən qısa müddətdə yenə Azərbaycanın səfalı guşələrindən birinə çevriləcək, yenə turistləri qəbul edəcək və böyük sosial-iqtisadi infrastruktura malik şəhər kimi Qafqaza işıq saçacaq.

Nurlan Məmmədov,
Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi

Oxşar Xəbərlər

Back to top button