Rusiya və Azərbaycan arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır

Rusiya və Azərbaycan arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin bildirmişdir ki: “Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik. Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır.
Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur. Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz sizinlə onların hər birini müzakirə edəcəyik”.
İlahə Rüstəmova,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin müəllimi



