Ədalətsizliyin canlı şahidi Xocalı bugün tarixi qələbənin özüdür

Xalqımızın qan yaddaşında qəlbimizi yaralayan faciəli günlərimizdə az deyildir. Ermənilərin mənfur simasını insanlığa xatırladan bir çox tarixi həqiqət vardır. Xocalı soyqırımı da bunlardan biridir. Doğma torpağımızın bağrına neçə-neçə günahsız uşaq, qadın, qoca, cavan qanı axıdıldığı daha bir erməni terror hadisəsidir. Uzun illər ərzində işğal altında qalan Xocalımız bu faciənin səbəbkarlarının tapdağı altında daha böyük zülmlər görməkdə idi. Xalqımız, müzəffər ordumuz bizə aid olan torpaqları geri qaytararaq beynəlxalq qurumların gecikdiridiyi ədaləti bərpa etməklə Xocalının da bağrında yanan atəşi söndürdü. Tarixi qələbəmizdən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Beləcə Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyuldu. Azərbaycan xalqı böyük inancla bizim Xocalıya qayıdacağımıza inanırdı. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı.
Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Biz o gecə orada çarəsizcə erməni vəhşiliyinin qurbanı olan heç bir vətəndaşımızı unutmayacağıq. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir. Həmin vaxt ermənilər bu hadisəni törətmə səbəbini xalqımıza gözdağı vermək olduğunu bildirmişdilər. Ancaq belə olmadı. Hər bir azərbaycanlının qəlbində qisas hissi ilə özünə yer edən həmin gecə bir anda çevrildi.
“Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmiş, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur.
Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Biz uzun illər ədalətsiz yanaşmanın şahidi olduq. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi tarixdəki əbədi izi olaraq qalacaq. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir. İşğal altında olan qalan digər ərazilər beş ay bundan əvvəl azad edilmişdir. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Birinci köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv edildi. İndi isə köçkün anlayışı artıq tamamilə silinib. Biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi.
Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Ermənistanın yeganə çıxış yolu. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb.
Bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik. Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkar, həm vətənpərvər, həm də bacarıqlıdır. Allah Vətən uğrunda şəhid olan bütün igidlərimizə rəhmət etsin.
Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi



