Qələbəni şərtləndirən amil
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır. Həmçinin, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. 44 günlük Vətən müharubəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə, Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bütün cəmiyyətin milli ideya ətrafında cəmləşməsi baş verməsəydi Qələbə mümkün olmazdı.Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. İşğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaqlar. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq.
Tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Bu amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
2023-cü il sentyabrında cəmi 23 saat ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.
Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir.
Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələri bizlərə əmanətdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək.
Əsədov Nazim,
Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi



