Analitika

Müzəffər ali baş komandan İlham Əliyev bütövlüyümüzün və suverenliyimizin qarantıdır

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu mənada xalqımızın firəvanlığı, əmin-amanllıq, iqtisadi inkişafımızın davamlı olması naminə seçkilərdə iştirak edərək doğru seçim etmək hər birimizin vətəndaşlıq borcumuz olmalıdır.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Düşünürəm ki, ulu öndərimizin layiqli davamçısına dəstək olmaqla, liderimizi düzgün seçməklə biz əslində zəfərə, inkişafa, sabitliyə səs vermiş oluruq. Hazırda ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasətin qarşısında yeni və mühüm vəzifələr dayanır. Bu vəzifələrdən biri Qərbi Azərbaycan torpaqlarının yenidən qaytarılması, həmin torpaqlara öz sakinlərinin köçürülməsidir. Bu həllimürəkkəb və çətin bir vəzifənin həyata keçirilməsində xalq olaraq biz daim birliyimizi ifadə etməliyik.

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Öz liderini yaxşı tanıyan xalqımız bunu gözəl bilir. Həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə maraqlarımızın qarantına çevrilmiş cənab prezidentimiz, müzəffər ali baş komandan İlham Əliyevi dəstəkləmək hər bir vətəndaşın edə biləcəyi ən yaxşı seçimdir. Bu mənada, xalqın bir daha öz liderinə etimad göstərəcəyi şübhəsizdir.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərd, əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Bununlada Azəbaycanın xoşbəxt gələcəyinə bir daha dəstək olmağa hazır olduğunu ifadə edəcəkdir.

Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Ağı qaradan seçməyi yaxşı bacaran qədirbilən xalqımız bu seçkilərdə də həsaslıq göstərərək hər bir azərbaycanlının prezidenti olmağı sözün tam mənasında bacaran müzəffər ali baş komandan İlham Əliyevin ətrafında həmrəylik nümayiş etdirərək aydın sabahımıza səs verəcəkdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir.

Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Mövcud qaydalar imkan yaradır ki, hər bir namizəd prosesdə tam bərabər hüquq əsasında iştirak etsin. Bir dövlət olaraq bu Azərbaycanda olan seçki, prosesinə sivil yanaşmadır və bu yanaşmada dünyanın heç bir demokratik dövlətindən geri qalmırıq.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Xalqın seçimi ilə həyata keçiriləcək bir prosesdə öncədən qısqanclıq etmək yalnız zəifliyin göstəricisidir.

Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Təbii ki, kökündən yanlış olan bu ucuz radikallıq onların ümidlərini puça çıxaracaqdır. Təcrübə göstərir ki, insanlar demokratiyanı sevir və həmişə demokratik, hüquqi yanaşmanı müsbət qarşılayırlar.

“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Ancaq yeni reallıqlar mövcud vəziyyəti düzgün təhlil etməyə geniş imkan yaradır. Ölkədəki siyasi –ictimai sabitlik, tarixi qələbəmiz heç bir radikala imkan verməyəcək ki, cəmiyyətimizi düzgün yolundan döndərməyə nail olsun. Cəmiyyət özünün liderinə inanır və bu inamı sarsıtmaq qeyri-mümkündür.

Yaqut Məmmədova,
Xəzər rayonu, İ. Tağıyev adına 26№-li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button