Analitika

Prezidentin növbədənkənar zəfər seçkisi

7 dekabr 2023-cü il tarixində Azərbaycan Resoublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalamışdır. Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevral ayının 7-nə təyin edilmişdir. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir.

Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi, nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı.

İlk növbədə, qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edən amillərdəndir. Əminliklə demək olar ki, sağlam rəqabət şəraitində keçiriləcək seçkilərin nəticələri beynəxalq təşkilatlarda da şübhə doğurmayacaq.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Şübhəsiz ki, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən Azərbaycan xalqı, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin hər zaman olduğu kimi yeni seçkilərdə də yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

İndi Şuşada, Zəngilanda, Füzulidə, Xankəndidə, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində seçki məntəqələri yaradılacaq və seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti demək olacaq. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Odur ki, növbədənkənar seçki həm də bu siyasi sistemin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin uğurlarına göz yumanlar, xalqımızın suverenliyinə sevinməyənlər, min bir bəhanə ilə çıxış edənlər anlamalıdırlar ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkisinin keçirilməsi ilə növbədənkənar prezident seçkisinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə görə, istər normal, istərsə də növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat kampaniyası dövrü üçün verilən müddət eynidir və bu baxımdan da vaxt azlığını arqument gətirmək sadəcə bəhanədir.

Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquqlar tanıyır və namizədlərin hər biri bərabər öhdəliklər daşıyır. Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müvafiq imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Odur ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Bu, bir daha heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikalların öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçdiyini göstərir.

“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Bu isə yalnız və yalnız siyasi acizliyin və məğlubiyyətin etirafıdır.

Prezident Ilham Əliyev yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının göstəricisidir. Eyni zamanda xalq üçün yeni bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib ölkəyə çevirən müzəffər liderinə özünün minnətdarlığını çatdırsın. Çünki bu ölkəyə ən az 105 ildə xəyanətkarı da, məğlubu da, acizi də rəhbərlik edib, amma ilk dəfə olacaq ki, suveren ərazilərimizi əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik.

Musayeva Azadə,
Xəzər rayonu, 149№ tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button