Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və bir sıra xarici ölkələrdə yüksək səviyyədə qeyd edilir.
Ulu Öndər Heydər Əliyev iki tarixi dövrdə – həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmişdir. O, sovet hakimiyyəti illərində kommunist imperiyasının daxilindən çökməkdə olduğunu hamıdan daha çox hiss etdiyi üçün xalqını gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını qabaqcadan böyük bacarıqla həyata keçirmişdir. XX əsr sovet rəhbərlərinin əsas idealı mövcud sistemi qorumaqdan ibarət idi. Ulu Öndər Heydər Əliyev isə cəmiyyəti yeniləşdirməklə inkişaf etdirmək vəzifəsini həyata keçirmişdir. Onun fəaliyyəti mövcud sistem daxilində dəyişiklik uğrunda apardığı mübarizə müstəqillik idealına xidmətə doğru yönəlmişdir. Bu mənada, dahi şəxsiyyət Heydər Əliyev müstəqil dövlətçilik ideyasının banisidir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq olmazdı.
Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.1990-cı ilin Qanlı Yanvar faciəsinin törədildiyi vaxt Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq o zamankı Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.
Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün-1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə milli ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Lakin, 1993-2003-cü illər kifayət qədər tələbkar, iqtisadiyyatın dirçəldilməsi, islahatların aparılması və milli dövlət quruculuğu baxımından taleyüklü bir dövr oldu. Həmin dövr ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən uğurlu xarici siyasəti ilə Azərbaycanın qonşu ölkələri ilə əlaqələri yaxşılaşdı, Azərbaycan beynəlxalq münasibətlər sisteminə inteqrasiya olundu. Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Bu gün Azərbaycan dünyada müstəqil və bərabərhüquqlu xarici siyasət yeridən ölkə, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Bu inkişafın təməlini biz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinə borcluyuq.
Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.
Həsənov Azər,
Xəzər rayonu, 92№-li tam orta məktəbin direktoru



