Analitika

Möhtəşəm Zəfərin paradı!

Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, Şuşa da daxil olmaqla 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına almışdır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edərək işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan əsgəri,Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun,ədalət zəfər çalsın və buna nail olduq.

Bəli, bu gün Qarabağ – Azərbaycandır!

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi.

Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Qənimət kimi ələ keçirilmiş düşmənin hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.

Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.

Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Belə ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!

Şamxalova Vüsalə,
Xəzər rayonu, 322 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button