Azərbaycançılıq məfkurəsi

Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardir. Hətta ən uca zirvə belə olkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər guşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görünür. Əlbəttə, gücünü doğma torpaqdan alan dağ vüqarlı qəhrəmanlarımız, hökmdarlarımız tariximizdə az olmamışdır,lakin Heydər Əliyev ucalığı,onun milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyəti bütün əvvəlki dahi şəxsiyyətlərimizdən fərqlidir. Çünki o, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edən ümumxalq sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir.
Heydər Əliyev hələ sağlığında artıq qədirbilən xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmış, milyonlarla vətəndaşımızın səmimi sevgisini, hüsn-rəğbətini qazanmış, ulu öndərlik Azərbaycan xalqının ümümmilli lideri olmaq missiyasına haqq qazanmışdı. Hər bir Azərbaycan ziyalısının, tədqiqatçısının, sıravi vətəndaşının təsəvvüründə, zehnində təbii surətdə Heydər Əliyevin həmişəyaşar və müqayisəsiz bir obrazı formalaşmışdı.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq – bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində ulu öndərimizdən başqa heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib, dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.
Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
Yeni tarixi şəraitdə, XX əsrin son onilliyində milli dövlətçiliyimizin memarı olan ulu öndər Heydər Əliyev xalqımızn milli öziinəqayıdışının təşkilatçısı və təminatçısı olaraq bu ümummilli vəzifəni dövlət siyasətinin tərkib hissəsinə çevirdi, oz nitq və çixişlarında, praktik dövlətçilik fəaliyyətində bütün Azərbaycan vətəndaşlarını bu tarixi missiyanı həyata keçirməyə səfərbər etdi. Ulu öndər Azərbaycanın qədim Atropatena va Albaniyadan başlanan 2700 illik keçmiş tarixinə yaxşi bələd olduğu kimi, onun qarşidakı illərdə, on illərdə və ümumən gələcəkdəki inkişaf perspektivlərini aydın görürdü. “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir”- deyən Heydər Əliyev bu müstəqilliyin əsas təminatçısı olan milli ideyalı, bəşəri düşüncəli çağdaş görüşlü Azərbaycan vətəndaşının yetişdirilməsinə böyük önəm verirdi.
Heydər Əliyev Azərbaycanı tanıtmaq yolunda atılan hər bir addımı Azərbaycançılığın formalaşdırılması yolunda mühüm təşəbbüs saymışdır. Xalqın milli mənlik şüuru ilə yeni dünya nizamının reallıqlarına uyğun dəyərləri əxz etməli və bir sözlə inkişaf etməli, öz milli mənliyini dərk etməlidir. “Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə də mən istədiyim yolla gedə bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə də milli mənliyimizi gərək itirməyək”.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycanlılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
“Bizim tariximiz bizə ibrət dərsi verməlidir”. Ulu öndərin bu ibrətamiz fikri tarixi yaddaşımıza yazılanları, həkk olunanları dərindən öyrənməyə böyük stimuldur. Həqiqətən də, tarixi unutqanlıq millətin ruhunu öldürür, onun mənlik şüuruna, mənəviyyatına ziyan vurur. Heydər Əliyevin vətən amalı təliminin mühüm struktur elementlərindən biri Vətənin taleyi üçün məsuliyyət hissidir. O, xalqının ağır vəziyyətində məsuliyyət hissinin artırılmasını Vətənə dönməz sədaqətin təzahürü sayır. Dünyada müstəqil dövlət kimi tanınmış Azərbaycanın suverenliyinin təhlükə altında olmasını xalqın düşüncəsinə xüsusilə çatdıraraq ölkə prezidenti Bakıda ümumrespublika müşavirəsindəki çıxışında (avqust, 1993) demişdir: “Biz, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı, əgər onun qəlbində, doğrudan da, Azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa, bu yolla getməlidir”. Həqiqətən də, vətən amalı, hər şeydən əvvəl, vətən üçün faydalı və vicdanlı iş görmək deməkdir.
Etiraf edək ki, mətin, iradəli böyük siyasətçi və səriştəli dövlətçilik təcrübəsinə malik Heydər Əliyev xalqını bu ağır günlərdə ruhdan düşməməyə çağırır, özünün yüksək mənəvi keyfiyyətlərini bir daha nümayiş etdirməyə səsləyirdi. Həmin dövrdə, Heydər Əliyev xalqa “Vətən və tarixi məsuliyyət” anlamının vəhdətdə ən yüksək mənəvi keyfiyyət olduğunu inandırıcı surətdə aşılaya bilmişdir.
Xalq dərk etməyə başlayırdı ki, gələcək nəsillərin azad, müstəqil, öz milli ənənələrinə, tarixi ənənələrinə sədaqətli ola bilməsi üçün dərindən düşünməlidir. Bu elə bir tarixi məsuliyyət anıdır ki, hər kəs hər şey üçün məsuliyyət daşımalı, öz vicdanı qarşısında cavab verməlidir. Ölkə Prezidenti üçün vətən və vicdan bir əxlaqi məcrada təsəvvür edilən anlayışlardır. Vicdan əzabı çəkməyən vətəndaş Vətən amalının ülviliyini dərk edə bilməz. Ona görə o, xalqın düşüncəsində bir daha belə ülvi keyfiyyətin önəmliliyini xatırladaraq deyirdi: “Xalq, insan daxili gücünü, iradəsini həmişə ağır dövrlərdə büruzə verir”. Ulu öndərin “vətən kon sepsiyası”nın məzmununda “vətənə xidmət” anlayışı əhəmiyyətli yer tutur. O, hesab edirdi ki, hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki millətdə vətən hissi, onun əxlaqi dəyərləri məhz yaşadığı torpaqda və sevdiyi vətənində ali dəyərlər kimi formalaşır.
Heydər Əliyev millət olaraq milli mənəviyyatımızı, Azarbaycançılıq ideologiyasının formalaşmasını düzgün qiymətləndirmiş, Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün vacib şərt olduğunu göstərmişdir. Milli ideyalara yiyələnmiş xalq milli liderlərin ətrafında sıx birləşəndə Azərbaycançılığın mühüm tərkib hissəsi olan həmrəylik fenomeni reallığa çevrilir. Xalq milli ideyanı dərk edəndə onun rolu daha da artır və yalnız o halda milli ideya dönməz olur. Azərbaycançılıq, bu gün Azərbaycan dövlətinin siyasətində hakim ideya, bir siyasi xətt kimi çıxış edir.
Məhz ümummilli lider Heydər Əliyevin önəmli siyasi ideyaları sayəsində azərbaycançılıq inkişaf edərək artıq siyasi ideologiya səviyyəsinə yüksəlmiş, dünya azərbaycanlılarının amalına və məsləkinə çevrilmişdir.
Ulu öndərin bütövlükdə milli inkişaf konsepsiyasının aparıcı elementi olan Azərbaycançılıq ideologiyası, həm ölkəmizdə, həm xaricdə yaşayan soydaşlarımızı həmrəyliyə səsləyən milli dəyərdir. “Bütün Azərbaycanlıların indi dünyada bir vətəni var. O da Azərbaycan Respublikasıdır. Bir dövlətimiz var. Bu müstəqil Azərbaycan Respublikasıdır. Gəlin, hamımız bu dövlətin, bu vətənin ətrafında birləşək”. “Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Hər bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir”.
Bu gün qətiyyətlə deyə bilərik Heydər Əliyevin “Mən fəxr edirəm ki, mənazərbaycanlıyam” ideyası nəinki milli manifest kimi səslənir, həm də onun Azərbaycançılıq konsepsiyası xalqımızın müstəqilliyini, milli varlığını, mənəvi ləyaqətini mənalandırır, gələcəyini nurlandırır. Məhz buna görə də Heydər Əliyev irsi Azərbaycan xalqının misilsiz, əvəzolunmaz milli sərvəti olmaqla Azərbaycanın modern inkişaf strategiyasının nəzəri mənbəyini təşkil edir.
Müdriklik, ağsaqqallıq zirvəsində-ömrünün 81-ci ilində dahi liderimiz bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın illər sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq.
Vəfa Məmmədova,
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi



