Azərbaycan – İraq əlaqələrində yeni səhifələr
2023-cü ilin 20 noyabrında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri baş tutmuşdur. “O, bəyanatında çıxış edərək bildirdi ki, cari səfər hər iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcək və əməkdaşlığa öz töhfəsini bəxş edəcək. Həmçinin o bildirdi ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Hər iki dövlət BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Prezidentinə Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi həqiqətləri İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin diqqətinə çatdırdı:
“1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.
Ümid edirdik ki, Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki,bu,qəbuledilməzdir.Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu.
Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirini apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar.
Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması
İraq Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir çox sənədlər imzalandı:
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”.
Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər:
2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır;
30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur;
1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır;
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır;
2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır;
18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür;
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmışdır.
Göründüyü kimi bütün görüşlər və imzalanan sənədlər hər iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəm olduğunu göstərir və daha dərinləşəcəyinə əyani sübutdur.
İsazadə Şəfiqə,
Xəzər rayonu, 88 nömrəli tam orta məktəbin müəllimi



