Analitika

Azad olandan sonra dirçələn Zəngilan

Qarabağ Azərbaycanın dilbər guşəsidir. Buna görə də daim yağı düşmən bu torpaqlara göz dikib, qoparıb, talayıb. Hər kəsə məlumdur ki, Qarabağın bizim üçün mənəvi dəyəri nə qədər böyükdür. Eyni zamanda bu torpaqlar təbii sərvətlərlə də zəngindir. Zəngilan rayonu da təbii sərvətlərlə zəngin ,strateji cəhətdən əhəmiyyətli rayondur.

XlV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah  Qəzvininin yazdığına görə Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı(637) ildə qoyulub .Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Bəs Zəngilan toponiminin mənası nədir? Bu barədə müxtəlif fikirlər var: Əslən zəngilanlı olan coğrafiya elmləri namizədi Məhəmməd Cabbarovun qeydlərində göstərilir ki, vaxtilə İranda Bəxtiyarlılar deyilən tayfalar yaşayırmış, onlardan biri də “Zəngi” adlandırılmışdır. Tayfanın adına əlavə edilən “lan” hissəciyi ,çox güman ki, məskunlaşma ilə əlaqədardır. Başqa bir məlumata görə bu yerlər zəngin “alan”(yer) mənası da ifadə edir. ”Zəngin ərazi” ifadəsi həqiqətən reallığa uyğundur. Məlum olduğu kimi rayona Zəngilan adı 1930-cu ildə verilmişdir. İlk adı Pirçivan  olan rayon mərkəzi yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır.

XlX əsrin əvvəllərində Rusiya tərəfindən yeni inzibati ərazi bölgü aparılan zaman Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan , Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər  Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq  Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanım tərkibində qalıb.

Zəngilan 1993 -cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər, 5qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kv. km, əhalisi 45 mindən çox olub. Rayon respublikanın dağətəyi ərazisində yerləşdiyi üçün iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub.29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını,4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı fəaliyyət göstərib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciəti zamanlı Zəngilan şəhəri ,4 qəsəbəsi və 49 kəndinin azad edilməsi məlum oldu. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu bu medal ilə təltif olundu.

Fransanın “Atlantiko” portalında Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ilə bağlı məqalə dərc edilib. “İki sahil” mətbuat orqanında xəbər verilir ki, məqalənin müəllifi jurnalist Sebastyan Bussua 27 il erməni işğalı altında qalmış Zəngilanın 44 günlük döyüşlər zamanı azad edildiyini bildirir. O vurğulayır ki, beynəlxalq hüquq , BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləsə də, buna əməl edilmirdi. Səkkiz yüz min azərbaycanlı Qarabağdan didərgin salınıb. Onlar 30 il ərzində işğaldan əvvəlki həyatlarından uzaq düşməli olublar, evlərində isə ermənilər məskunlaşdırılıb.Fransız jurnalist Zəngilanın uzaqdan gördüyü füsunkar təbiətini təsvir edib.

Zəngilan rayonunun ərazisində onlarla milli və dini abidələr olub. İmam Hüseyn məscidi və digər məscidlər, Səkkuzguşəli türbə və bir çox kəndlərdə yerləşən türbələr, pirlər erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilib. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Düşmənlər bu meşəni baltalayaraq xarici ölkələrə satıblar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər ermənilər tərəfində talan edilib. Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. 30 illik ayrılıqdan sonra, nəhayət, Zəngilanın əsl sahibləri öz evlərinə qayıtmağı bacardılar. Dağıdılmış, talan edilmiş yurd yerlərimizin bərpası sürətlə davam edir. Zəngilanda Ağalı kəndində “ağıllı”kənd pilot layihəsi işləri görülüb, innovativ tikinti materiallarından istifadə edilməklə 200  fərdi ev tikilir, Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri və “ağıllı” texnologiyalar  əsasında qurulur.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirilməsi üçün əlverişli imkan yaranıb. Azərbaycan, Rusiya və Ermənistan arasındakı imzalanmış bəyənata əsasən Zəngəzur dəhlizinin açılması müddəası da irəli sürülüb. Zəngəzur dəhlizinin bərpası yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Azərbaycan öz nailiyyətləri ilə hər zaman zirvədə olub. Hələ çox zirvələr gözləyir Vətənimizi…

Adil Əliyev,
Xəzər rayonu, 124 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button