Analitika

Sürətlə inkişaf edən Zəngilan

Bu gün -20 oktyabr “Zəngilan şəhəri günüdür”. 27 il boyunca ağrı ilə yad etdiyimiz, bu gün isə böyük fərəh və qürur hissi ilə bəhs etdiyimiz Zəngilanın qısa tarixi keçmişinə nəzər salaq. Zəngilan rayonunun əsası 7-ci əsrdə qoyulmuşdur. Bura ibtidai insanların ilk məskənlərindən olmuşdur. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati bölgülərə məruz qalmışdır. XIX əsrdə Rusiyanın cənubi Qafqazı işğal etməsindən sonra Zəngilan rayonu Zəngəzur qəzasının tərkibinə, XX əsrin əvvəllərində isə Cəbrayıl qəzasının tərkibində olmuşdur. 1929-cu ildə SSRİ dönəmində Zəngilanın bir neçə kəndi və 1946-cı ildə isə 4000 hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt onun tərkibi 1 şəhər, 5 qəsəbə,79 kənddən ibarət olmuşdur.

1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi zamanı Zəngilan rayonu 1992-ci ilin əvvəllərindən döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünü müdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. Zəngilanlılar 67 gün, 1993 -cü il 29 oktyabradək tam mühasirə şəklində son anadək vuruşaraq 235 şəhid və itki vermişdir. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən Müharibəsində Ali Baş Komandamız, İlham Əliyevin başında durduğu müzəffər ordumuz Zəngilanımızı düşməndən azad etdi. Bu müjdəli xəbəri Prezidentimiz 20 oktyabr 2020-ci ildə xalqa müraciətində bildirmişdir. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmişdir.

2020-ci ilin noyabrında Ali Baş Komandanımızın sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən böyük qəhrəmanlıq nümayiş etdirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 23 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etmişlər. Həmin səfər zamanı İlham Əliyevin nitqindən – “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan! ”

Hüseynova Ülkər,
Xəzər rayonu, S.Abbasov adına 117 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button