
25 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa DAİM”, “Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi”, “Ağstafaçay HQİİ” və “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 25 noyabr “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün xalqımız üçün yalnız bir şəhərin azadlığının qeyd olunması deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin və Vətən sevgisinin təntənəsidir. Kəlbəcər öz füsunkar təbiəti, zəngin tarixi, mədəni irsi və təbii sərvətləri ilə Azərbaycanın ən gözəl guşələrindən biridir.Kəlbəcərin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə oldu. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi. Bu əlamətdar hadisə Azərbaycan xalqının yaddaşına qürur və fəxarət günü kimi həkk olundu. Kəlbəcərin azadlığı uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdış ümidlərini yenidən gerçəkləşdirdi.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa rayon Baytarlıq idarəsinin əməkdaşı Raqif Qurbanov, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşı Uday Mustafazadə və “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının sədr müavini Şəfayət Bağırov bildiriblər ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü hər bir azərbaycanlıya Vətənə bağlılığın, milli birliyin və dövlətçilik əzminin nə qədər böyük əhəmiyyət daşıdığını xatırladır. Bu gün Kəlbəcər azad torpaqlarımızın rəmzi, Böyük Qayıdışın ünvanı və Azərbaycanın gələcəyə inamla addımlayan inkişafının bir parçasıdır. Kəlbəcərdə həyata keçirilən quruculuq işləri nəticəsində bu qədim diyar daha da gözəlləşəcək, öz sakinlərinin gəlişi ilə yeni həyat qazanacaq. Kəlbəcər daim Azərbaycan xalqının qürur mənbəyi, milli sərvətimiz və ayrılmaz Vətən torpağı olaraq qalacaq.




