
Uca dağları, geniş yaylaqları, sıx meşələri, çayları və mineral su mənbələri ilə seçilən Kəlbəcər Azərbaycanın nadir təbiət guşələrindən biridir. Özünəməxsus təbiəti və əlverişli coğrafi mövqeyi ilə fərqlənən rayon zəngin tarixi-mədəni irsə də malikdir. Xudavəng monastır kompleksi, qədim yaşayış məskənləri və digər tarixi abidələr Kəlbəcərin qədim keçmişini əks etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Dağlıq relyefi, geniş yaylaqları, meşələri, su ehtiyatları və İstisu mineral bulaqları isə rayonun iqtisadi və turizm potensialını daha da artırır.
Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Kəlbəcərin inkişafını uzun müddət dayandırdı. Əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi. 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və itkin düşməsi bu faciənin ağır nəticələrini bir daha nümayiş etdirir.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan uzun illər işğala son qoymadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi. Tarixi Qələbənin nəticəsi olaraq, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.
Vətən müharibəsində iştirak edən hərbçilərə göstərilən diqqət və qayğının təzahürü olaraq, Kəlbəcərin azadlığı uğrunda döyüşən hərbi qulluqçuların xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edildi. Bu əlamətdar tarix azadlığın, milli qürurun və doğma yurda qayıdışın rəmzinə çevrildi.
Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planı təsdiqlənib. Sənədə əsasən, şəhərin ərazisinin 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Burada 4250 mənzildən ibarət yaşayış fondu yaradılacaq, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri inşa ediləcək. Eyni zamanda, şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur.
Bütün bu layihələr Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına, sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə, eləcə də rayonun sosial-iqtisadi potensialının inkişafına xidmət edir. Bu gün Kəlbəcər öz tarixi simasını qorumaqla yanaşı, müasir və abad şəhər kimi yenidən formalaşır. Doğma yurda qayıdış və genişmiqyaslı quruculuq işləri Azərbaycanın Zəfərdən sonrakı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı



