AnalitikaGündəmSiyasət

Kəlbəcər: fəlakətdən dirçəlişə

Kəlbəcər… Azərbaycanın çoxsaylı dilbər guşələrindən biri. Uca zirvələri, yaşılmeşələri və özünəməxsus təbiəti ilə fərqlənən, bütün bunlarla yanaşı, hər daşında tarixyatan rayon. Lakin Kəlbəcərdə olan hər bir şəxsin diqqətini iki görüntü özünə çəkməyibacarır. Birincisi, dağların qoynunda bir zamanlar azərbaycanlıların yaşadığı, indi isəyarısı uçmuş, yarısı hələ də ayaq üstə dayanan çay daşından hörülmüş evlər; ikincisi isəelə həmin dağların qoynunda gedən böyük tikinti və yenidənqurma işləri. Bəs necə olduki, bu gözəl rayon belə fərqli iki mənzərəyə ev sahibliyi etdi?

Kəlbəcər ölkəmizin ən qədim insan məskənlərindən biridir. Rayonun Zar kəndindəyerləşən eyniadlı mağara da bunu sübut edir. Mağara düşərgəsi 1981–1987-ci illərdəKəlbəcər rayonunda aparılan arxeoloji ekspedisiya zamanı tədqiq edilmişdir. ArxeoloqMəmmədəli Hüseynov və Mənsur Mənsurovun araşdırmaları nəticəsində burada qədiminsanların həyat tərzini əks etdirən mühüm nümunələr üzə çıxarılmışdır. Kəlbəcərrayonunun adının etimologiyası da məhz ərazisində yerləşən çoxsaylı təbii mağaralaraxitabən qədim türkcədə “Kevliçer” — “çay üstündə qala” sözü ilə bağlıdır.

Kəlbəcərin taleyini anlamaq üçün onun yalnız təbii gözəlliklərinə deyil, coğrafimövqeyinə və iqtisadi imkanlarına da nəzər salmaq lazımdır. Azərbaycanın ən yüksəkdağ rayonlarından olan Kəlbəcər zəngin yaylaqları, meşələri, su ehtiyatları, faydalıqazıntıları və mineral bulaqları ilə seçilir. Bu xüsusiyyətlər onu həm təsərrüfat, həm dəstrateji baxımdan əhəmiyyətli bölgəyə çevirirdi. Məhz buna görə də ötən əsrin 70-ci illərində rayonun gələcəyi ilə bağlı müzakirələr adi təsərrüfat məsələsi deyildi.

Həmin dövrdə Kəlbəcərin guya iqtisadi baxımdan perspektivsiz olması, əhalisininburadan köçürülməsi və ərazisinin yaylaq kimi Ermənistan SSR–in istifadəsinə verilməsibarədə təkliflər irəli sürülürdü. Bu yanaşma rayonun inkişaf imkanlarını kiçiltməkləyanaşı, onun Azərbaycanın tərkibindəki mövqeyini zəiflətmək təhlükəsi yaradırdı. Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra bu cür planların qarşısınınalınmasına və sərhəd rayonlarının sosial–iqtisadi inkişafına xüsusi diqqət yetirdi. Onuntəşəbbüsü ilə Kəlbəcərdə təsərrüfat həyatının canlandırılması, yol və sosialinfrastrukturun yaxşılaşdırılması, istehsal imkanlarının genişləndirilməsi istiqamətindətədbirlər həyata keçirildi. Beləliklə, vaxtilə “perspektivsiz” adlandırılan rayonunyaşamaq və inkişaf etmək üçün real potensiala malik olduğu əməli işlərlə göstərildi. Kəlbəcərin inkişafı, eyni zamanda, onun tarixi torpaq kimi qorunmasının mühümvasitəsinə çevrildi.

Lakin bu inkişafın qarşısını sonradan silahlı işğal aldı. 1993-cü il aprelin 3-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Dağlıq relyef, sərt havaşəraiti və mülki əhalinin təhlükəsiz təxliyəsi üçün imkanların məhdudluğu insanlarınfaciəsini daha da ağırlaşdırdı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsirgötürüldü və itkin düşdü. Rayonun 53 mindən çox sakini doğma yurdunu tərk edərəkAzərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmağa məcbur oldu. Bir gündəyalnız evlər deyil, ailələrin qurduğu həyat, nəsillərin xatirələri, kəndlərin sosial vəmədəni mühiti də dağıldı.

İşğal Kəlbəcərin maddi irsinə də ağır zərbə vurdu. Onlarla tarixi–mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, xəstəxanalar, tibbməntəqələri, yaşayış evləri və inzibati binalar talan edildi və dağıdıldı. Rayonuntəsərrüfat infrastrukturu, texnikası və digər sərvətləri də mənimsənildi. Bu dağıntılartəkcə tikililərin sıradan çıxması demək deyildi: məktəbin bağlanması bir nəslin təhsilmühitindən, kitabxananın talan edilməsi yaddaşdan, evin yandırılması isə insanın doğmaocağından məhrum edilməsi idi. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli822 saylı qətnaməsində Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindənqüvvələrin çıxarılması tələb olunsa da, bu tələb uzun illər yerinə yetirilmədi.

Kəlbəcərin azadlığına aparan yol 2020–ci ildə Vətən müharibəsində qazanılan Zəfərləaçıldı. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar və siyasidiplomatikprosesin nəticələri işğal altında qalmış ərazilərin qaytarılmasını mümkün etdi. 10 noyabr2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcərin Azərbaycana qaytarılması nəzərdətutuldu və noyabrın 25–də rayon Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu hadisə 27 illik ayrılığın başa çatması, Kəlbəcər sakinlərinin doğma yurda qayıdış ümidinin yenidəngerçəkləşməsi demək idi.

Kəlbəcərin boşaldılması zamanı ortaya çıxan iki fərqli münasibət də yadda qaldı. 1993-cü ildə doğma yurdlarından çıxarılan azərbaycanlıların təhlükəsiz təxliyəsi üçünson dərəcə məhdud — cəmi 10 saatlıq vaxt verildiyi xatırlanır. 2020–ci ildə isəErmənistan tərəfinin müraciətindən sonra rayonun təhvil verilməsi müddəti 15 noyabrdan 25 noyabra qədər uzadıldı. Beləliklə, erməni sakinlərə ərazini tərk etməküçün əlavə 10 gün vaxt tanındı. Bu iki hadisə arasındakı fərq mülki əhaliyə münasibətinnecə dəyişdiyini göstərən nümunə kimi yadda qaldı. Bununla belə, Kəlbəcəri tərk edənbəzi ermənilərin evləri və meşəlik əraziləri yandırması, mülki obyektlərə zərər vurmasırayonun onsuz da ağır olan mənzərəsini daha da acınacaqlı etdi.

Kəlbəcərin azad olunması ilə onun dirçəlişinin yeni mərhələsi başlandı. Prezidentİlham Əliyevin 31 iyul 2023–cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günükimi müəyyən edildi. Bu tarix artıq yalnız rayonun işğaldan azad olunduğu günü deyil, dağıntılardan sonra yenidən həyata qayıdışın rəmzini ifadə edir. Şəhər gününün təsisedilməsi Kəlbəcərin tarixi yaddaşda və müasir dövlətçilik həyatında tutduğu yerin xüsusivurğulanmasıdır.

Bu gün Kəlbəcərdə aparılan işlər dirçəlişin miqyasını və Azərbaycanın və onunxalqının əzmkarlığını, gələcəyə inamını, qurmağa və yaşatmağa olan sevgisini göstərir. Artıq şəhərin 2040–cı ilədək inkişafını nəzərdə tutan Baş plan təsdiq edilib. Plana əsasənyaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, ictimai məkanlar vəyaşıllıq sahələri yaradılacaq. 524 ailəlik yaşayış kompleksinin inşası və mərhələliməskunlaşma keçmiş sakinlərin doğma şəhərə qayıdışının real məzmununu təşkil edir. Yanşaq, Zallar və Zar kəndlərində yeni yaşayış məntəqələrinin salınması da kəndhəyatının bərpasına xidmət edir. Burada məqsəd yalnız ev tikmək deyil, məktəbi, sosialxidməti, gündəlik məişəti və məşğulluq imkanları olan yaşayış mühiti yaratmaqdır.Bölgənin gələcək inkişafında nəqliyyat və enerji infrastrukturu xüsusi yer tutur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun, o cümlədən Murovdağ tunelinin inşasırayonun ölkənin digər bölgələri ilə əlaqəsini asanlaşdıracaq, sərt qış şəraitində gedişgəlişimkanlarını yaxşılaşdıracaq. Kiçik su elektrik stansiyalarının bərpası və yenilərinintikilməsi yerli su ehtiyatlarından səmərəli istifadə etməyə, enerji təminatınıgücləndirməyə imkan verir. İstisu mineral su zavodunun fəaliyyəti, Müalicə–İstirahətKompleksinin yaradılması isə Kəlbəcərin turizm və sağlamlıq mərkəzi kimi potensialınıyenidən üzə çıxarır. Bu layihələr rayonun iqtisadi həyatını canlandırmaqla yanaşı, yeni işyerlərinin yaranmasına və əhalinin burada daimi məskunlaşmasına şərait yaradır.

Kəlbəcərdə bu gün müşahidə olunan iki mənzərə dağılmış evlər, yarım qalmışhəyatlar və yenidən qurulan gələcək əslində bir-birinə zidd deyil. Birincisi keçmişinağrısını, işğalın insanlara və torpağa vurduğu zərbəni xatırladır; ikincisi isə həminağrının içindən doğan iradəni, quruculuğu və gələcəyə inamı göstərir. Daş divarlarıuçmuş evlər unudulmamalı tarixdir, yeni salınan küçələr və yaşayış məhəllələri isə butarixin davamıdır. Kəlbəcərin dirçəlişi yalnız binaların tikilməsi ilə ölçülmür. Əsldirçəliş insanların öz yurduna qayıtması, uşaqların yenidən doğma kəndlərində məktəbəgetməsi, təsərrüfatın canlanması və dağların qoynunda həyatın əvvəlki axarına qayıtmasıilə tamamlanacaq. 25 noyabr bu yolun başlanğıcını və Kəlbəcərin yenidən öz sakinlərinəqovuşmaq əzmini təcəssüm etdirir.

Murad Abdullayev,
Xəzər Rayonu 92 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button