AnalitikaGündəmSiyasət

Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün təzahürüdür

25 Noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını və milli qürurun təntənəsini ifadə edən əlamətdar gündür. Bu tarix Kəlbəcər şəhərinin azad olunmasının və doğma yurda qayıdışın rəmzi kimi qeyd edilir. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və əsrarəngiz təbiətə malik diyarlarından biridir. Möhtəşəm dağları, mineral su bulaqları, meşələri və tarixi abidələri ilə seçilən bu şəhər xalqımızın milli-mənəvi sərvətidir.

Kəlbəcər 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər doğma yurdlarından didərgin düşmüş sakinlərin qayıdış arzusu ilə yaşamışdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdır. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi hadisələrdən biri olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı Kəlbəcərin də yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yollar, yaşayış binaları və sosial obyektlər inşa olunur. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu prosesin mühüm mərhələsidir.

Kəlbəcərin dirçəlişi yalnız yeni binaların tikilməsi deyil, həm də illərlə yurd həsrəti çəkən insanların öz doğma evlərinə qovuşması deməkdir. Bu torpaqlarda yenidən həyat canlanır, uşaqların səsi eşidilir, ailələr doğma ocaqlarına qayıdır. Bütün bunlar Azərbaycanın quruculuq əzmini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.

25 Noyabr – Kəlbəcər şəhəri günü hər bir azərbaycanlı üçün tarixi qürur, milli birlik və Vətən sevgisi günüdür. Bu əlamətdar tarix bizə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz iradəsini xatırladır. Kəlbəcərin azadlığı və yenidən qurulması Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindəndir.

Bu gün Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Əminliklə demək olar ki, qədim diyarımız gələcəkdə Azərbaycanın inkişaf edən, müasir və gözəl şəhərlərindən birinə çevriləcək. Kəlbəcər yaşayacaq, inkişaf edəcək və öz tarixi-mədəni irsi ilə gələcək nəsillərə qürur mənbəyi olacaq!

Yunis Eyyubov,    
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button