AnalitikaGündəmSiyasət

25 Noyabr – Kəlbəcər Şəhəri Günü

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və füsunkar təbiətə malik diyarlarından biridir. Uca dağları, saf suları, mineral bulaqları, meşələri və təbii sərvətləri ilə seçilən Kəlbəcər ölkəmizin ən gözəl guşələrindən hesab olunur. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və tarixi abidələri onun Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatında mühüm yer tutmasını şərtləndirmişdir. Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmişdir. Bu qədim diyar əsrlər boyu Azərbaycan xalqının tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və zəngin irsini özündə yaşatmışdır.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır zərbə vurmuşdur. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə insan uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal dövründə Kəlbəcərin yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu dağıdılmış, təbii sərvətləri talan edilmişdir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələnmiş, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılmışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirmişdir. Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, layiqli qayıdışının təmin edilməsidir. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsinin inşası bu istiqamətdə atılan mühüm addımlardandır.

Kəlbəcərin azad edilməsindən sonra rayonun yenidən qurulması, infrastrukturunun bərpası, iqtisadi potensialının hərəkətə gətirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad olunmuş Kəlbəcərə həyata keçirdiyi səfərlər bu prosesin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin mühüm göstəricisidir.

Kəlbəcərin bugünkü mənzərəsi müharibədən sonrakı bərpa və quruculuğun, milli həmrəyliyin və dövlət məsuliyyətinin nümunəsidir. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi, sağlamlığını itirən qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı isə Kəlbəcərin hər qarışında öz əksini tapır.Kəlbəcərin azad edilməsi tariximizin şanlı səhifəsidir, onun yenidən qurulması isə gələcək nəsillər üçün yaradılan yeni həyatın təməlidir. Kəlbəcər yenidən qurulur, doğma sakinlərinə qovuşur və Azərbaycanın gələcəyinə doğru inamla addımlayır.

Tağı İmamverdiyev,      
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button