Kəlbəcər – Zəfər tariximizin əbədi ünvanı

Kəlbəcər Azərbaycanın qədim tarixi, zəngin təbiəti və milli-mənəvi dəyərləri ilə seçilən diyarlarından biridir. Uca dağları, saf bulaqları, geniş meşələri və əsrlərin yadigarına çevrilmiş tarixi abidələri bu torpağa xüsusi gözəllik bəxş edir. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də xalqımızın yaddaşında doğma yurd, mənəvi bağlılıq və milli kimliyin mühüm ünvanlarından biridir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır həsrət və məhrumiyyətlər yaşadı. Minlərlə insan doğma evindən, ata-baba ocağından ayrı düşdü. İşğal dövründə rayonun tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və təbii sərvətlərinə ciddi ziyan vuruldu. Buna baxmayaraq, kəlbəcərlilərin doğma torpağa qayıdış ümidi heç vaxt sönmədi.
2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə Kəlbəcərin də azadlığına yol açdı. 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin siyasi iradəsinin, diplomatik qətiyyətinin və Ordumuzun hərbi uğurlarının mühüm nəticəsi kimi tarixə düşdü.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri tarixi Zəfərin real nəticələrini nümayiş etdirir. Yeni yolların, yaşayış binalarının, sosial obyektlərin və mühüm infrastruktur layihələrinin inşası rayonun gələcək inkişafına möhkəm zəmin yaradır. Keçmiş məcburi köçkünlərin doğma torpağa qayıdışı isə illərlə davam edən həsrətin sona çatdığını göstərir.
25 noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın qürur, birlik və qalibiyyət hisslərini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün Kəlbəcərin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, qazilərimizin fədakarlığı minnətdarlıqla xatırlanır. Kəlbəcər artıq işğalın deyil, azadlığın, dirçəlişin və Azərbaycanın güclü dövlətçilik iradəsinin rəmzidir.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



