
25 Noyabr təqvimin adi bir səhifəsi deyil. Bu tarix 1993-cü ilin aprelində başlayan 27 illik həsrətin siyasi və hərbi qətiyyət nəticəsində sona çatdığı gündür. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın nəticəsi olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi yenidən Azərbaycanın nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu gün rəsmi olaraq Kəlbəcər Şəhəri Günü elan edildi.
Kəlbəcər heç vaxt sadəcə coğrafi məkan olmayıb. Dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, sərt iqlimi, sıldırım qayaları və dərin dərələri ilə bu diyar həm sığınacaq, həm də böyük sınaqlar məkanı olub. 1993-cü ilin aprelində rayon işğal edilərkən on minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı, dinc sakinlər həyatını itirdi, minlərlə ev və yüzlərlə sosial-mədəni obyekt dağıdıldı. İşğal dövründə və 2020-ci ildə ərazilər tərk edilərkən törədilən dağıntılar, meşələrin qırılması və təbii sərvətlərin talan edilməsi bu qədim torpağın yaddaşında ağır izlər buraxdı.
Lakin 25 noyabr 2020-ci il həmin ağrılı tarixçənin istiqamətini dəyişdi. Kəlbəcər döyüş meydanında qazanılan ümumi Qələbənin məntiqi davamı olaraq, bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu, dövlətimizin siyasi iradəsinin, hərbi qüdrətinin və diplomatik məharətinin mühüm nəticəsi idi.
Kəlbəcəri fərqləndirən əsas cəhətlərdən biri də burada aparılan bərpa və quruculuq işlərinin miqyası və mürəkkəbliyidir. Sıldırım yamaclar, mürəkkəb relyef və sərt iqlim şəraiti infrastruktur layihələrinin həyata keçirilməsini digər bölgələrlə müqayisədə daha çətin, eyni zamanda strateji baxımdan daha əhəmiyyətli edir. Xudavəng kimi qədim tarixi abidələrin qorunması, el sənətlərinin, o cümlədən unudulmaq təhlükəsi ilə üzləşən keçəçilik sənətinin dirçəldilməsi bölgənin yalnız fiziki deyil, həm də mədəni baxımdan yenidən qurulduğunu göstərir.
Kəndlərin və yaşayış məntəqələrinin mərhələli şəkildə bərpası, fərdi evlərin, məktəblərin və uşaq bağçalarının inşası sakinlərin doğma yurdlarına daimi qayıdışı üçün real zəmin yaradır. 2025-ci il noyabrın 25-də Kəlbəcər Şəhəri Gününün məhz doğma şəhərdə təntənəli şəkildə qeyd olunması isə bu qədim diyarın gələcəkdə güclü mədəniyyət və turizm mərkəzinə çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini bir daha nümayiş etdirdi.
Kəlbəcər Şəhəri Günü keçmişin ağrılarını xatırlamaqla yanaşı, həmin ağrıları quruculuq enerjisinə çevirməyin təntənəsidir. Uca dağların qoynunda inşa edilən hər yeni ev, çəkilən hər yol, yaradılan hər bir infrastruktur obyekti 27 illik fasilədən sonra bu torpağa qayıdan həyatın, ümidin və gələcəyin səsidir.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



