AnalitikaGündəmSiyasət

Zəfərdən dirçəlişə: Kəlbəcərin yeni inkişaf dövrü

Uca dağların qoynunda qərarlaşan Kəlbəcərin doğma nəfəsinə qovuşduğu 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tariximizin yaddaşında həm hüquqi ədalətin bərpası, həm də Böyük Qayıdışın möhtəşəm təntənəsi kimi yaşayır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərin azad olunması istiqamətində beynəlxalq hüquq müstəvisində addımlar atılsa da, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsinin tələbləri – hərbi əməliyyatların dayandırılması və işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxarılması – uzun illər kağız üzərində qaldı. 27 illik işğal dövründə Ermənistan beynəlxalq humanitar hüquq normalarını və Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq rayonda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdi. Yaxın Şərqdən və Ermənistandan olan ailələrin bu ərazilərə köçürülməsi yolu ilə rayonun demoqrafik tərkibini süni şəkildə dəyişdirməyə, xalqımızın tarixi-mədəni izlərini silməyə və zəngin təbii sərvətlərini talan etməyə çalışdı.

Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə bütün bu ədalətsizliyə son qoydu. Canları və qanları bahasına bu Zəfəri bizə bəxş edən şəhidlərimizin müqəddəs ruhu, sağlamlığını Vətən yolunda fəda edən qazilərimizin misilsiz şücaəti, eləcə də dövlət başçımızın siyasi və diplomatik məharəti sayəsində 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur oldu. Beləliklə, 2020-ci il noyabrın 25-də qədim Kəlbəcər Azərbaycana təhvil verildi. Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr rəsmi olaraq Kəlbəcər Şəhəri Günü elan edildi.

Bu gün azad Kəlbəcər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə genişmiqyaslı quruculuq və dirçəliş mərhələsini yaşayır. Dövlət başçımız tərəfindən təsdiq edilmiş Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana uyğun olaraq, rayonun mürəkkəb dağ relyefi və özünəməxsus təbiəti qorunmaqla burada müasir şəhərsalma standartları, “yaşıl şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Gələcəkdə 42 mindən çox sakinin rahat məskunlaşması üçün müasir yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, İşğal və Zəfər muzeyləri kompleksi, eləcə də turizm infrastrukturu yaradılır.

Eyni zamanda, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl Enerji Zonası” elan etməsi çərçivəsində Kəlbəcərin zəngin hidroenerji potensialından səmərəli istifadə istiqamətində mühüm layihələr həyata keçirilir. Tərtər çayı və onun qolları üzərində inşa edilən “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan”, “Soyuqbulaq”, “Yuxarı Vəng” və “Zar” kiçik su elektrik stansiyaları bölgənin ekoloji cəhətdən təmiz enerji ilə təminatında mühüm rol oynayır.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Kəlbəcərə müntəzəm səfərləri rayonun bərpası və inkişafı prosesinə xüsusi dinamizm qazandırır. 26 iyun 2022-ci il tarixli səfər zamanı hərbi hissənin və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanışlıq, Rəqəmsal İdarəetmə Mərkəzinin və “İstisu” sanatoriyasının təməlinin qoyulması mühüm hadisələrdən oldu.

Dövlət başçısının 2 sentyabr 2024-cü il tarixli səfəri zamanı isə “Yuxarı Vəng” və “Zar” su elektrik stansiyalarının, “İstisu” mineral su zavodunun və yarımstansiyasının açılışı, Xudavəng monastır kompleksinə baxış, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tunellərində aparılan işlərlə tanışlıq, 524 ailəlik yaşayış kompleksinin tikintisi və İstisu qəsəbəsinin təməlinin qoyulması Kəlbəcərin sürətli inkişafının növbəti təzahürü oldu. Bütün bunlar dövlətimizin azad edilmiş ərazilərin bərpasına və doğma sakinlərin öz yurdlarına qayıdışına verdiyi böyük önəmin bariz göstəricisidir.

Bu əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda canından keçən əziz şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anır, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Bizə bu tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə xalqımız adından dərin təşəkkürümüzü bildiririk.

Qoy doğma yurduna qovuşan Kəlbəcərin səmasında üçrəngli bayrağımız daim dalğalansın, bu cənnət diyarın ocaqları hər zaman gur yansın! 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və xalqımızı ürəkdən təbrik edir, doğma torpağımıza sülh, bərəkət və davamlı inkişaf arzulayırıq!

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button