
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq strategiyasının və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim olunması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Dövlət başçısının müsahibəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan öz xarici siyasətində qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinə sadiqdir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, yeni dostluq əlaqələrinin qurulmasına və mövcud tərəfdaşlıqların daha da genişləndirilməsinə xidmət edir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixi təxminən 70 ilə yaxındır. Bu dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulmuşdur. Həmin tarixi hadisə iki xalq arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynamışdır.
Bu əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri olmuşdur. 1983-cü ildə onun rəhbərliyi ilə Sovet nümayəndə heyətinin Vyetnama səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə vermişdir.
Müstəqillik dövründə Azərbaycan-Vyetnam münasibətləri yeni məzmun qazanmışdır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm hadisələr olmuşdur.
2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi tarixə düşmüşdür. Səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətinin bariz ifadəsidir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri də iqtisadi-ticari əlaqələrin genişləndirilməsidir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın real iqtisadi nəticələrini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız tarixi dostluq ənənələrinə deyil, həm də qarşılıqlı iqtisadi maraqlara və gələcəyə hesablanmış strateji baxışa əsaslanır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan-Vyetnam əlaqələrinin gələcək inkişafı isə hər iki xalqın rifahına və dövlətlərimizin qarşılıqlı maraqlarına xidmət edəcəkdir.
Simran Suleymanov,
YAP Şabran rayon təşkilatının mühasibi



