AnalitikaGündəmSiyasət

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı: Böyük Qayıdışın və müasir şəhərsalmanın yeni modeli

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix Ağdamın işğaldan azad olunmasını, tarixi ədalətin bərpasını, doğma yurda qayıdışın başlanmasını və şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm etdirir.

Uzun illər işğal altında qalan Ağdam şəhəri Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılaraq xarabalığa çevrilmiş, onun tarixi-mədəni irsinə, yaşayış infrastrukturuna və sosial obyektlərinə ciddi ziyan vurulmuşdur. Lakin Azərbaycan xalqının iradəsi, dövlətimizin gücü və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər Ağdamın yenidən qurulması və dirçəldilməsi üçün geniş imkanlar yaratmışdır.

Bu gün Ağdam yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın quruculuq əzminin, milli birliyinin və Böyük Qayıdış siyasətinin parlaq nümunəsidir.

Ağdamın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm sənəd – “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” 2022-ci il avqustun 16-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir. Bu sənəd işğaldan azad edilmiş ərazilərdə şəhərsalma və quruculuq işlərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Baş planın əsas məqsədi Ağdamı müasir şəhərsalma prinsiplərinə uyğun, dayanıqlı infrastruktura, əlverişli yaşayış mühitinə, geniş iqtisadi imkanlara və zəngin sosial-mədəni həyata malik müasir şəhərə çevirməkdir.

Layihəyə əsasən, Ağdam şəhərinin ərazisinin genişləndirilməsi, yeni yaşayış məhəllələrinin salınması, sosial obyektlərin tikilməsi, nəqliyyat-kommunikasiya sisteminin inkişaf etdirilməsi və yaşıllıq zonalarının artırılması nəzərdə tutulur.

Baş plana əsasən, şəhərin təxminən 1700 hektar ərazini əhatə etməsi və gələcəkdə 100 min nəfər əhali üçün nəzərdə tutulması planlaşdırılır. Layihə çərçivəsində 23 min mənzilin və 1750 fərdi yaşayış evinin inşası da nəzərdə tutulmuşdur.

Ağdamın yenidən qurulmasında müasir şəhərsalma prinsipləri ilə yanaşı, ekoloji tarazlığın qorunmasına da xüsusi diqqət yetirilir. Baş planda şəhərin yaşıllıq zolaqları, parklar, istirahət məkanları və müasir ictimai sahələrlə əhatə olunması nəzərdə tutulur. Bu yanaşma sakinlər üçün sağlam, rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Şəhərin əsas inkişaf istiqamətlərindən biri də rahat və təhlükəsiz nəqliyyat sisteminin yaradılmasıdır. Baş plana əsasən, Ağdam şəhərinin daxili yollarının ümumi uzunluğunun 189,7 kilometr təşkil etməsi nəzərdə tutulur. Müasir yol infrastrukturu şəhərin müxtəlif yaşayış, ictimai və işgüzar zonaları arasında səmərəli əlaqənin təmin olunmasına imkan yaradacaq.

Ağdamın yenidən qurulması xalqımızın tarixi yaddaşına, milli kimliyinə və doğma torpaqlara bağlılığına ehtiramın ifadəsidir. Bir zamanlar düşmən tərəfindən xarabalığa çevrilmiş şəhərin yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz iradəsini və tarixi Zəfərimizin əbədi xarakterini nümayiş etdirir.

20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının deyil, həm də onun yenidən həyata qayıdışının, milli qürurumuzun və gələcəyə inamımızın təntənəsidir.

Amil İsrayılov,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button