AnalitikaGündəmSiyasət

20 Noyabr – Ağdamın azadlıq və qürur günü

20 Noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin uğurlu nəticəsini əks etdirən əlamətdar günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümünü deyil, azadlığın və yenidənqurmanın rəmzi olan Ağdam Şəhəri Gününü qeyd etdiyimiz əlamətdar tarixi ifadə edir. Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi qüdrətinin, xalqımızın birliyinin və dövlətimizin qətiyyətli mövqeyinin mühüm göstəricilərindən biri kimi tarixə düşmüşdür.

2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin nəticəsi olaraq Ağdam rayonu Ermənistanın işğalından azad edildi. Bu hadisə uzun illər doğma yurdlarından didərgin düşmüş ağdamlıların qəlbində böyük sevinc və ümid yaratdı. Ağdamın azad olunması həm də onilliklər ərzində öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan minlərlə insanın gözləntilərinin gerçəkləşməsi demək idi. Bu tarixi hadisə Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan mövqeyinin və ərazi bütövlüyümüzün bərpası istiqamətində nümayiş etdirdiyi siyasi iradənin bariz nümunəsi oldu.

Ağdam Azərbaycanın Qarabağ bölgəsində tarixən mühüm iqtisadi, mədəni və ictimai mövqeyə malik şəhərlərindən biri olmuşdur. Zəngin tarixi, qədim yaşayış məskənləri, mədəniyyət abidələri, kənd təsərrüfatı potensialı və zəhmətkeş insanları ilə seçilən bu diyar xalqımızın milli-mənəvi irsində özünəməxsus yer tutur. Lakin uzun illər davam edən işğal nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni abidələrimizə ciddi ziyan vurulmuşdur. Bir zamanlar həyatın qaynadığı Ağdamın xarabalığa çevrilməsi xalqımızın yaddaşında dərin iz buraxmışdır. Buna baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirməmişlər.

Ağdamın azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri idi. Dövlət başçısının qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasını təmin etdi. Ağdamın azad olunması bu Zəfərin mühüm mərhələlərindən biri kimi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə böyük töhfə verdi.

Bu gün Ağdam yalnız azad edilmiş ərazi kimi deyil, həm də Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm mərkəzlərindən biri kimi formalaşır. İşğaldan azad olunduqdan sonra şəhərdə genişmiqyaslı tikinti, abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılmışdır. Ağdamın Baş Planı əsasında şəhərin müasir memarlıq prinsipləri ilə yenidən qurulması, yaşayış binalarının, sosial obyektlərin, yolların, təhsil və səhiyyə müəssisələrinin inşası istiqamətində mühüm addımlar atılır. Müasir şəhərsalma yanaşmaları əsasında qurulan yeni Ağdam gələcək nəsillər üçün rahat, təhlükəsiz və dayanıqlı yaşayış məkanı olacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı Ağdamın gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Doğma yurdlarına qayıdan ailələrin öz evlərində məskunlaşması, sosial şəraitlə təmin olunması, məşğulluq imkanlarının yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu prosesin real nəticələrindən biridir. Ağdamda yenidən ailə ocaqlarının qurulması, uşaqların doğma şəhərlərində böyüməsi, küçələrdə həyatın canlanması böyük tarixi ədalətin təntənəsidir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button