
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dayanıqlığı qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji baxışdan asılıdır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında formalaşmış münasibətlər Cənubi Qafqaz və Avropa məkanında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. İki ölkə arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” otuz ildən artıq bir dövrü əhatə edən səmərəli əməkdaşlığın məntiqi davamı olmaqla yanaşı, ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldən fundamental siyasi sənəddir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin tarixi XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesinin sürətli inkişafı və britaniyalı sahibkarların regiona kapital yatırması dövrünə gedib çıxır.Müasir dövrdə isə dövlətlərarası əlaqələrin əsası Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən dərhal sonra qoyulmuşdur. Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 11 mart 1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq qurulmuşdur. 1992-ci ilin sentyabrında Bakıda Böyük Britaniyanın səfirliyi, 1994-cü ilin yanvarında isə Londonda Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
İkitərəfli münasibətlərin tarixində həlledici dönüş nöqtəsi Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya baş tutan ilk rəsmi səfəri və həmin ilin 20 sentyabrında Bakıda imzalanmış “Əsrin müqaviləsi” olmuşdur. Böyük Britaniyanın qlobal enerji nəhəngi olan BP şirkətinin bu layihədə aparıcı operator kimi çıxış etməsi iki ölkə arasında iqtisadi və siyasi bağları sarsılmaz təməl üzərində qurmuşdur. Sonrakı illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın fəaliyyəti və parlamentlərarası dostluq qruplarının işi münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirmişdir.
Birləşmiş Krallıq Azərbaycan iqtisadiyyatının ən iri xarici investoru olaraq qalır. İndiyədək Britaniya şirkətləri tərəfindən ölkəmizə on milyardlarla dollar həcmində birbaşa sərmayə yatırılmışdır. Bu əməkdaşlığın lokomotivi ənənəvi olaraq enerji sektorudur. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının
işlənməsi, “Şahdəniz” qaz-kondensat yatağının istismarı, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələrinin reallaşdırılması təkcə Azərbaycanın iqtisadi suverenliyini gücləndirməmiş, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynamışdır.
Bununla belə, iki ölkə arasındakı əlaqələr yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Qeyri-neft sektorunda, xüsusilə bərpaolunan enerji, yaşıl texnologiyalar, maliyyə xidmətləri, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və infrastruktur quruculuğu sahələrində əməkdaşlıq sürətlə genişlənir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqində, eləcə də minatəmizləmə fəaliyyətində Böyük Britaniya şirkətləri və dövlət qurumları fəal iştirak edirlər. Cəbrayıl rayonunda BP şirkəti ilə birgə həyata keçirilən “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi bu yeni mərhələnin ən önəmli göstəricisidir.
Təhsil və mədəniyyət sahələri də tərəfdaşlığın mühüm istiqamətlərindəndir. “British Council” təşkilatının Azərbaycandakı uzunmüddətli fəaliyyəti, minlərlə azərbaycanlı gəncin dövlət proqramları çərçivəsində Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil alması və Bakıda Britaniya ali təhsil müəssisələrinin ikili diplom proqramlarının tətbiqi iki xalq arasında humanitar körpüləri möhkəmləndirir.
Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətləri adi iqtisadi tərəfdaşlıq çərçivəsindən çıxararaq hərtərəfli siyasi-strateji müttəfiqlik səviyyəsinə daşıyır. Sənəd müasir dövrün çağırışlarına cavab verən geniş spektrli istiqamətləri özündə ehtiva edir:
*Siyasi və təhlükəsizlik dialoqu*: Beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında müntəzəm strateji məsləhətləşmələrin keçirilməsi, regional təhlükəsizlik, kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın dərinləşdirilməsi.
*Enerji transformasiyası və iqlim dəyişikliyi*: Ənənəvi enerji sahəsində etibarlı tərəfdaşlığın qorunub saxlanılması ilə yanaşı, Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması, “yaşıl hidrogen” istehsalı, karbon emissiyalarının azaldılması və dekarbonizasiya üzrə birgə layihələrin icrası.
*Ticarət, investisiya və nəqliyyat bağlantıları*: İkitərəfli ticarət dövriyyəsinin şaxələndirilməsi, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Şərq-Qərb logistika zəncirinin gücləndirilməsi və Britaniya maliyyə institutlarının Azərbaycanın özəl sektoruna dəstəyinin artırılması.
*Təhsil, elm və innovasiya*: Süni intellekt, rəqəmsal transformasiya, ali təhsil müəssisələri arasında elmi-tədqiqat mübadiləsi və insan kapitalının inkişafı.
Gələcək siyasi perspektivdə bu Bəyannamə hər iki tərəfə mühüm strateji dividendlər vəd edir. Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü, qlobal maliyyə və diplomatiya mərkəzi olan Birləşmiş Krallıqla strateji tərəfdaşlıq statusu ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların Qərb dünyasında dəstəklənməsi və qeyri-neft sektoruna yüksək texnologiyaların cəlb edilməsi deməkdir. Birləşmiş Krallıq üçün isə “Brexit”dən sonrakı qlobal xarici siyasət strategiyası fonunda Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika qovşağına çıxış, Avropanın enerji təhlükəsizliyində etibarlı dayaq və Xəzər hövzəsində sabitləşdirici güc mərkəzi kimi əvəzolunmaz tərəfdaşdır.
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasət kursu və şəxsi diplomatik nüfuzu həlledici rol oynamışdır. Dövlət başçısının hələ Dövlət Neft Şirkətinin (SOCAR) birinci
vitse-prezidenti olduğu dövrdən etibarən Britaniya şirkətləri ilə qurduğu səmimi və işgüzar münasibətlər sonradan Prezident kimi həyata keçirdiyi praqmatik diplomatiya ilə daha da zənginləşmişdir.
Prezident İlham Əliyevin Böyük Britaniyaya çoxsaylı işgüzar və rəsmi səfərləri, Britaniya Baş nazirləri, kral ailəsinin üzvləri və aparıcı biznes dairələrinin rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşlər ikitərəfli gündəliyin daim yenilənməsini təmin etmişdir. Dövlət başçısının prinsipial mövqeyi, verilən sözə sadiqliyi və Azərbaycanda yaratdığı sabit investisiya mühiti Britaniya investorlarının ölkəmizə olan etimadını ən çətin qlobal böhranlar dövründə belə sarsılmaz saxlamışdır. Xüsusilə Vətən müharibəsi dövründə və postmünaqişə mərhələsində cənab Prezidentin Britaniya mediasına verdiyi dərin məzmunlu müsahibələr, regiondakı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırması və azad edilmiş ərazilərin bərpasında Britaniya şirkətlərinə geniş imkanlar yaratması ikitərəfli əlaqələrin strateji ruhunu formalaşdıran əsas amillərdir.
Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə tarixi sınaqlardan çıxmış dostluğun yeni dövrün tələblərinə uyğunlaşdırılmış yol xəritəsidir. Bu sənəd hər iki dövlətin rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə uzunmüddətli töhfələr verəcəkdir
Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü



