AnalitikaGündəmSiyasət

Azərbaycan Konstitusiyası: milli dəyərlər və gələcəyin hüquqi təminatı

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəqil dövlət quruculuğu, milli suverenliyin qorunması və hüquqi dövlətin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsini, milli-mənəvi dəyərlərini, demokratik ideallarını və gələcəyə yönəlmiş inkişaf strategiyasını özündə birləşdirən fundamental hüquqi sənəddir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, həmin il noyabrın 27-də qüvvəyə minmişdir. Bu tarixi hadisə müstəqil Azərbaycanın siyasi və hüquqi həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Konstitusiyanın qəbul edilməsi ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir” fikri Əsas Qanunumuzun mahiyyətini və fəlsəfəsini dolğun şəkildə ifadə edir. Bu fikir onu göstərir ki, Konstitusiya yalnız hüquq normalarının məcmusu deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini, azadlıq və müstəqillik arzularını özündə əks etdirən mühüm dövlətçilik sənədidir.

Müasir dövrdə dövlətlərin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də hüquqi institutların möhkəmliyi, insan kapitalının inkişafı, sosial ədalətin təmin edilməsi və vətəndaş cəmiyyətinin fəallığı ilə ölçülür. Azərbaycan Respublikasının Konstitusiyası bu istiqamətlərin hər biri üzrə fundamental hüquqi baza yaradır.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, təhsilin və elmin inkişafı, gənclərin cəmiyyət həyatında fəal iştirakı Konstitusiyanın müəyyən etdiyi prinsiplərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xüsusilə gənc nəslin Konstitusiyaya hörmət ruhunda tərbiyə olunması, hüquqi biliklərinin artırılması və vətəndaşlıq mövqeyinin formalaşdırılması gələcəyimiz üçün vacib amillərdəndir. Çünki dövlətin gücü yalnız onun iqtisadi və siyasi imkanları ilə deyil, həm də qanunlara hörmət edən, hüquq və vəzifələrini dərk edən vətəndaşlarının məsuliyyəti ilə müəyyən olunur.

Ulu Öndər Heydər Əliyevin Konstitusiya ilə bağlı səsləndirdiyi fikirlər bu gün də öz aktuallığını qoruyur. Onun uzaqgörən dövlətçilik siyasəti nəticəsində qəbul edilmiş Əsas Qanunumuz Azərbaycanın müstəqilliyinin, hüquqi dövlət quruculuğunun, demokratik inkişafının və milli birliyinin möhkəm təməlidir.

Konstitusiya hər bir azərbaycanlının hüquqlarının təminatçısı, dövlətçiliyimizin əsas dayağı və gələcək inkişafımızın yol xəritəsidir. Onun prinsiplərinə hörmətlə yanaşmaq, milli və ümumbəşəri dəyərləri qorumaq, qanunun aliliyinə əməl etmək hər birimizin vətəndaşlıq borcudur.

Əminliklə demək olar ki, Konstitusiyamızın müəyyən etdiyi hüquqi və demokratik prinsiplər əsasında inkişaf edən Azərbaycan dövləti gələcək nəsillər üçün daha güclü, firavan və təhlükəsiz cəmiyyət quruculuğunu davam etdirəcəkdir.

Babayev Ramil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

 

 

 

Oxşar Xəbərlər

Back to top button