AnalitikaGündəmSiyasət

Konstitusiya – müstəqil Azərbaycan dövlətçiliyinin sarsılmaz hüquqi dayağı

Hər bir müstəqil dövlətin möhkəm təməli, inkişaf strategiyası və gələcəyə istiqamətlənmiş hədəfləri onun Konstitusiyasında öz əksini tapır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin idarə olunması prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətlə vətəndaş arasında münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirən ali hüquqi sənəddir. Azərbaycan xalqı hər il noyabrın 12-də Konstitusiya Gününü qeyd etməklə müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasında mühüm əhəmiyyət daşıyan tarixi hadisəni ehtiramla yad edir.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri olmuşdur. Konstitusiyanın hazırlanması və qəbulunda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü xüsusi əhəmiyyət daşımışdır. Məhz onun dövlətçilik fəlsəfəsi, siyasi iradəsi və uzaqgörən yanaşması nəticəsində müstəqil Azərbaycanın yeni Konstitusiya modeli formalaşdırılmışdır.

Konstitusiyanın qəbul edilməsi ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirdi. Bu ali sənəddə insan və vətəndaş hüquq və azadlıqları, hakimiyyət bölgüsü prinsipi, dövlət hakimiyyətinin təşkili, mülkiyyət formaları və cəmiyyətin inkişafının hüquqi əsasları öz əksini tapdı. Konstitusiya hər bir vətəndaşın hüquqlarının qorunmasına, qanunun aliliyinin təmin edilməsinə və cəmiyyətdə hüquqi münasibətlərin tənzimlənməsinə xidmət edən əsas təminatdır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti müstəqil Azərbaycanın siyasi, iqtisadi və hüquqi inkişafında mühüm rol oynadı. Onun rəhbərliyi ilə formalaşdırılan hüquqi dövlət quruculuğu ənənələri sonrakı dövrdə də davam etdirildi. Konstitusiyanın zamanın tələblərinə uyğun təkmilləşdirilməsi ölkədə həyata keçirilən islahatların hüquqi əsaslarının möhkəmləndirilməsinə, dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına və vətəndaşların hüquqlarının daha geniş təmin olunmasına şərait yaratdı.

Müstəqil Azərbaycanın inkişaf mərhələlərində Konstitusiyanın müddəaları dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının qorunması baxımından da mühüm hüquqi əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalqının tarixi Zəfərindən sonra ölkəmizin suverenliyinin bütün ərazilərimizdə bərpa olunması dövlətçiliyimizin yeni reallıqlarını meydana çıxardı. Bu reallıqlar Konstitusiyanın müəyyən etdiyi dövlət suverenliyi, ərazi bütövlüyü və milli birliyin qorunması prinsiplərinin əhəmiyyətini bir daha ön plana çəkdi.

12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsini, hüquqi dövlət quruculuğu istiqamətində əldə etdiyi tarixi nailiyyətləri və gələcəyə olan inamını ifadə edən əlamətdar gündür. Bu tarix hər birimizi dövlətimizin hüquqi əsaslarına hörmətlə yanaşmağa, milli dəyərlərimizi qorumağa, qanunun aliliyinə əməl etməyə və ölkəmizin inkişafına öz töhfəmizi verməyə çağırır. Konstitusiyaya hörmət müstəqil dövlətçiliyə, milli birliyə və gələcək nəsillər qarşısında məsuliyyətə hörmət deməkdir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button