
19-cu əsrin 2-ci yarısından başlayaraq çar Rusiyasının daxilində baş verən hadisələr, imperiyanın müstəmləkəsi altında yaşayan xalqların milli-mənəvi oyanışı prosesi Azərbaycandan da yan ötmədi. Bu dövrdə bir çox maarifpərvər ziyalılarımız xalqın tərəqqisi uğrunda mübarizə aparırdı. Lakin müstəmləkəçilik siyasəti həyata keçirən Rusiya imperiyası bu ziyalıların azadlıq səsini boğmağa çalışırdı.
Məhz bu səbəbdən qədim və şanlı bir tarixə, zəngin folklara, mədəniyyət nümunələrinə sahib olan, Nizami Gəncəvi kimi dünya miqyasında tanınan şairi olan xalqın hələ də milli mətbuatı yox idi. Mətbuat cəmiyyətin güzgüsüdür. O, hadisələri işıqlandırır, mövcud problemləri diqqət mərkəzinə çəkir. Milli şüurun formalaşmasına xidmət edir. Mətbuatın müəyyən funksiyaları var. Bunlardan biri də maarifləndirmədir. Həmin dövrdə geniş yayılmış xurafatın, cəhalətin, savadsızlığın qarşısını almaq üçün anadilli mətbu orqanının yaradılması zəruri idi. Bunu anlayan ictimai xadimlər bu yolda əzmlə çalışırdılar.
Nəhayət, 1875-ci ildə dövrün böyük mütəfəkkiri Həsən bəy Zərdabi “Əkinçi” adlı qəzet yaratdı. Həsən bəy Zərdabi (Məlikov) 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub. Moskva Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və burada dövrün mütərəqqi ideyaları ilə tanış olub. Vətənə geri döndükdən bir müddət sonra “Müsəlman şagirdlərə yardım cəmiyyəti” təsis edən Həsən bəy bütün ömrü boyu doğma xalqının maariflənməsi və tərəqqisi üçün mübarizə aparıb.
O, bu yolda mətbuatın mühüm təbliğat vasitəsi olduğunu və qəzetin yaradılmasının nə dərəcədə mühüm olduğunu bilirdi. Lakin qəzet çapı üçün lazım olan maddi vəsaitin, texniki vasitələrin çatışmazlığı, oxucuların olmaması, dövlətdən icazə almaq məsələsi və s. kimi ciddi sıxıntılar vardı.Zərdabi bütün bu çətinliklərə sinə gərir və ilk addımlarını atır. 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görür. Çar rejminin diqqətini çəkməmək üçün qəzet belə adlandırılır. “Əkinçi” tez bir zamanda təkcə azərbaycanlıların yox, ümumrusiya müsəlmanlarının mətbu orqanına çevrildi.
Qəzet səhifələrində dünya və ölkə xəbərlərinə, məqalələrə yer verilirdi. “Əkinçi” azad söz problemini işıqlandırır, dini fanatizmə qarşı mübarizə aparır, maarifi təbliğ edirdi. Elm aləmində baş verən yeniliklər, ədəbiyyat nümunələri, əkinçilik haqqında məlumatlar, mədəniyyət, iqtisadiyyat, məişət və s. sahələrə dair mühüm faktlar oxucuların diqqətinə çatdırılırdı. Qəzetdə dövrün görkəmli ictimai xadimlərinin yazıları, S.Ə.Şirvaninin şeirləri dərc olunurdu.
1877-ci ilin 29 sentyabrında qəzetin 56-cı və son sayı işıq üzü görür. Çar rejimi qəzetin fəaliyyətini dayandırır. Çox qısa ömrü olmasına baxmayaraq “Əkinçi” özündən sonra yaranan mətbuat orqanları üçün məktəb rolunu oynayır və jurnalistikanın peşə prinsiplərini formalaşdırır.
22 iyul tarixi hər il ölkəmizdə “Milli Mətbuat Günü” kimi qeyd olunur. “Əkinçi” ilə təməli qoyulan Azərbaycan jurnalistikası çox çətin və keşməkeşli bir yol keçib. “Əkinçi”nin ardınca “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Açıq söz” və s. mətbuat orqanları yaranır. Onların hamısı ümumi bir məqsədə — xalqın maariflənməsinə xidmət edirdi.
AXC dövründə fəaliyyət göstərən “Azərbaycan” qəzeti dövlətçilik prinsiplərinin formalaşmasında mühüm rol oynayır. Cümhuriyyətin işğalından sonra 70 illik SSR asılılığı dövründə milli mətbuatın fəaliyyəti məhdudlaşdırılır və “Qlavlit” adlı senzura idarəsi yaradılır.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il fərmanı ilə mətbuat üzərində senzura ləğv olunur. Bu jurnalistikamızın inkişafı üçün çox əhəmiyyətli qərar idi. Müstəqillik illərində ard-arda qəzetlər, informasiya agentlikləri, telekanallar yaranır.
2021-ci ildə Medianın İnkişafı Agentliyi, 2022-ci ildə isə “Media haqqında qanun” təsis olunur. Bütün bunlar jurnalistlərin fəaliyyətinin stimullaşdırılmasına və dünya standartlarına cavab verən müasir Azərbaycan jurnalistikasının formalaşmasına öz töhfəsini verir.
Azərbaycan jurnalistləri 44 günlük Vətən Müharibəsi dövründə informasiya müharibəsini uğurla aparırdı. Cəbhə bölgəsindən reportajlar hazırlayır, döyüşlərin gedişatını, qələbə xəbərlərini operativ və obyektiv şəkildə cəmiyyətə ötürürdülər. Eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırırdılar.
Hazırda internet jurnalistikasının, süni intellekt texnologiyalarının inkişafı yeni jurnalistika sahələrinin meydana gəlməsinə şərait yaradıb.
150 yaşlı və zəngin ənənələrə malik olan Azərbaycan jurnalistikasının nümayəndələri bütün bu proseslərlə ayaqlaşmağı bacarmalı və Azərbaycanın haqq səsini dünyaya yaymalıdır.
Röyalə Sovzaliyeva
Bakı Slavyan Universiteti Sosial elmlər və regionşünaslıq fakültəsinin tələbəsi