
22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymuş, xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur.
2026-cı ildə Azərbaycan milli mətbuatı artıq 151 illik şərəfli inkişaf yolu keçmişdir. Bu yol yalnız qəzet və jurnalların nəşri ilə məhdudlaşmır. Milli mətbuatımız cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideyalarının təbliği və ictimai rəyin formalaşdırılması istiqamətində mühüm missiya yerinə yetirmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına daim xüsusi diqqət və qayğı göstərmişdir. Onun rəhbərliyi dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmış, 1998-ci ildə senzuranın ləğv edilməsi ölkəmizdə demokratik inkişafın mühüm göstəricilərindən biri kimi tarixə düşmüşdür. Bu qərar Azərbaycan mediasının daha müstəqil fəaliyyət göstərməsinə və cəmiyyətin informasiya təminatının gücləndirilməsinə geniş imkanlar yaratmışdır.
Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasəti yeni mərhələyə qədəm qoymuş, medianın müasir tələblərə uyğun inkişafı üçün geniş islahatlar həyata keçirilmişdir. Medianın institusional inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və peşəkar jurnalistikanın dəstəklənməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır.
Müasir dövrdə informasiya müharibələri dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası operativ, dəqiq və obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük peşəkarlıq nümayiş etdirdi. Xarici dezinformasiyalara qarşı informasiya cəbhəsində qazanılan uğurlar Azərbaycan jurnalistikasının peşəkarlığını və vətənpərvərlik mövqeyini bir daha nümayiş etdirdi.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və qələm adamlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına layiqli töhfələr verməyə davam edəcək.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



