
Zəngilan şəhəri Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Tarixə baxsaq XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın kəndləri Genlik, Aladin, Dəlləkli kimi qeyd olunur. Zəngilan şəhəri ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – ura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. 1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi – 132 kilometr sərhəd tam bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
Zəngilanın işğaldan azad edilməsi yeni logistik layihələrin icrası və Zəngilanda olan günəş enerjisi potensialından istifadə edilməsi üçün şərait yaratmış oldu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Artıq Zəngilan yeni inkişaf dövrünü yaşayır. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var.
Zəngilan mühüm strateji əhəmiyyətə malik mühüm nəqliyyat qovşağıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi əlaqəni gücləndirməyə, Zəngəzur dəhlizi isə yeni iqtisadi perspektivlər və beynəlxalq əməkdaşlıq aça bilər. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır.
Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.
“Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” deyən Prezident İlham Əliyev bu gün kəndlərimizin, şəhərlərimizin təməlini qoyur, açılış mərasimləri edir. Bu gün qədim tarixi Azərbaycan torpaqlarına burada əbədi yaşamaq üçün, qurub-yaratmaq üçün qayıtmışıq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik!
Elnarə Vəliyeva,
Xəzər rayonu, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin direktoru