AnalitikaGündəmSiyasət

” Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır”

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özünə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.
Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər… Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.
Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.
Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi.Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Dövlətimizin başçısı qəbulda çıxış edərək bildirib ki,Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər.
Həmçinin ölkə başçısı işğal dövründə Ermənistan rəhbərliyinin Zəngilandan keçməklə Ermənistandan Cəbrayıla yol çəkmək istədiyini xatırlatdı və onların bu ümidlərinin, ümumiyyətlə, bütün ümidlərinin gözlərində qaldığını vurğuladı. Artıq Azərbaycan öz əzəli torpaqlarında Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkir və bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Həmçinin Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq. Bu gün Azərbaycan istənilən yükü qəbul edə, onu tranzit kimi ötürə bilir və Azərbaycanın bu imkanları daha da artacaq.
Cənab Prezident Zəngilan rayonunda böyük turizm potensialının olduğunu da bildirdi. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Ölkə başçısı qeyd etdi ki, Zəngilan rayonunun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bütün bunlar isə oraya qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olmalıdır.

 Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button