
Zəngilan Azərbaycanın tarixən qədim yaşayış məskənlərindən biri olmuşdur. Ərazidən eradan əvvəl IV-III əsrlərə aid müxtəlif maddi – mədəniyyət nümənələri tapılmışdır. Rayonun ərazisi həm Naxçıvan, həm də Qarabağ xanlıqlarının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1993-cü ildə Füzuli və Cəbrayıl işğal olunduqdan sonra zəngilanlılar mühasirə şəratində vuruşdular. Zəngilan oktyabrın 29-da daşnak ermənilər tərəfindən işğal edildi. Həmin gündən başlayaraq zəngin Zəngilan erməni vandalizminin qurbanı oldu.
“Zəngilan həm təbiətinə görə, həm də o torpaq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə, bu günkü nəsillərə çatdırdığı irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir.” Bu fikirlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Bu irsə Müzəffər Ali Baş Komandan İlham Əliyev sahib çıxdı.
Nəhayət, haqq-ədalət yerini tapır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa olundu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. , Prezident İlham Əliyevin Sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Zəngilanın yeni dövrü – canlanma, çiçəklənmə dövrü başladı. Zəngilan gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır. Müasir meqalayihələr gerçəkləşdirilir. Birinci pilot layihə məhz Zəngilanda Ağalı kəndində icra edilib. Burada yüzlərlə evdən ibarət kənd salınıb, həmçinin məktəblər, bağçalar, tibb məntəqələri, müasir tələblərə cavab verən “Asan xidmət”, “Dost” fəaliyyət göstərir. Yeraltı kommunikasiya işləri başa çatdırılıb. Yeni parklar salınıb, sülhü ifadə edən göyərçin abidəsi ucaldılıb. Müasir şəhərsalma standartları tətbiq edilib: küçələrin “ağıllı işıqlandırılması ”, günəş panellərinin qurulması, isti və soyuğa davamlı ekoloji evlərin tikilməsi və s.. Zəngilan mühüm nəqliyyat qovşağıdır, çünki o mühim nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə də Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Bu gün bizim qürur günümüzdür! Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. 30 il davam edən həsrətə, erməni vəhşiliyinə Azərbaycan xalqı, onun Prezidenti, Silahlı Qüvvələri cəmi 44 günə son qoydu. Zəngilan torpağının işğaldan azad edilməsində Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri gələcək nəsillər üçün örnək, nümunə oldular –onlar TARİX YAZDILAR! Bu nümunə Zəngilanın işğaldan azad olunma tarixini, Zəngilan Şəhəri Gününü qeyd edən nəsillərin yaddaşına əbədi həkk etdirdi. Hər ildönümündə xatirələri həmişə əziz tutulan unudulmaz şəhidlərimizin ruhları qarşısında baş əyirik!
Məmmədova Ruqiyyə,
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin tarix müəllimi